Üzümçülük/Üzüm xəstəlikləri/Oidium

../ Üzümçülük/Üzüm xəstəlikləri

../

Oidium xəstəliyi ziyanlıq təsirinə görə Mildium xəstəliyindən sonra tənəyin ən qorxulu xəstəliyidir. Xəstəlik el arasında siyala, unlu, tozanaq, külləmə adi ilə adlandırılır. Oidium xəstəliyi zoğları, yarpaqları, çiçək qruplarını və gilələri məhv edir. Bu xəstəliyin əsas xarici əlamətləri odur ki, xəstəliyə tutulmuş orqanlar kül rəngli, bəzən boz unlu təbəqə ilə örtülür. Xəstəliyin törədicisi ən çox bürkülü havada xüsusilə temperatur 20-25° olanda daha sürətlə inkişaf edir və 30°-dən yuxarı temperaturada bu göbələyin sporlarının inkişafı dayanır.

Xəstəliyə tutulmuş yarpaqlarda fotosintez prosesi pozulduğundan zoğlar zəifləyir, xəstəliyə tutulmuş gilələr çatlayır, gilənin içərisindəki toxumlar belə aydın görünür, partlamış gilələr çürüyür və məhsuldarlıq aşağı düşür.

Aqrotexniki tədbirlər olaraq Oidium xəstəliyinə qarşı tənəklərin yaxşı havalanması və işıqlanması üçün şərait yaradılmalı yaşıl əməliyyatlar vaxtında və keyfiyyətlə aparılmalı, cərgə və cərgəaraları alaqdan təmizlənməlidir.

Kimyəvi mübarizədə kükürd çiçəyindən kolloid kükürdün 1%-li və karatanın 0,2%-li məhlullarından istifadə olunur. Tənəyə verilən qida sahəsindən asılı olaraq, hər hektara 15-20 kq kükürd çiçəyi (tozu) tozlanmalıdır. Birinci tozlama xəstəlik müşahidə edilməsə də çiçəkləmədən qabaq aparılmalıdır. Ikinci tozlama çiçəkləmə başa çatıb, gilələr əmələ gələn zaman, üçüncü tozlama ikincidən 9-11 gün sonra aparılmalıdır. Tozlamalar həmişə mildiuma qarşı çiləmədən sonra aparılmalıdır. Kükürdlə tozlama sərin havada, səhərlər saat 10-11-ə kimi, axşamlar isə 5-dən sonra aparılmalıdır ki, kükürd isti havada oksidləşdiyi üçün tənəyin orqanlarında yanıqlar əmələ gəlməsin.

Oidium xəstəliyinə qarşı sistem təsirə malik, təsiretmə müddəti 18-20 gün, sərfiyyat norması az olan Topsin-M (1,5kq/ha), Eyparen (2 kq/ha), Benlat (1,2 kq/ha) və Saprol (1,5 kq/ha) preparatlarının birindən istifadə edilməsi məsləhətdir.