Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama/Artıq yaşıl zoğların qoparılması

../ Üzümçülük/Üzümlüklərin budanması/Yaşıl budama

../

Vegetasiya dövrü başlanan zaman tənəyin bar barmaqlarındakı gözcüklərdən, çoxillik ştambdan və kök boğazındakı yatmış tumurcuqlardan zоğlar əmələ gəlir. Bar barmaqlarındakı gözcüklərdən məhsullu, çoxillik hissələrdəki yatmış tumurcuqlardan əmələ gələn zoğlar əksərən məhsulsuz olur. Odur ki, yaşıl budama zamanı hər tənəkdə olan barsız zoğların hamısını qoparmaq olmaz. Tənəyin ştabında və çoxillik qollar üzərində yatmış tumurcuqlardan çıxan haramı zoğlar qoparılmalı, ştambın əvəz olunması lazım gələrsə haramı zoğlardan biri seçilib saxlanılmalıdır. Ikiillik bar barmaqlarının gözcüklərindən əmələ gələn barsız zoğların hamısını qoparıb atmaq tənəyin böyümə və inkişafına mənfi təsir göstərir. Ümumiyyətlə, barsız zoğları qopararkən tənəyin bioloji xüsusiyyəti, tənəyin forması, qüvvəsi və saxlanmış bar barmaqlarındakı gözcüklərin açılma faizi, barlı zoğların sayı nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, barsız zoğlarda bitki həyatı üçün üzvü maddələr toplayır. Odur ki, barlı-barsız zoğlar sortun bioloji xüsusiyyətinə görə müəyyən nisbətdə məsələn kişmişi sortunda 2:1 və 1:1 nisbətində, «Bayanşirə» üzüm sortunda 1:2 nisbətində saxlanılması məhsuldarlığı xeyli artırır.

Yaşıl budama iki dəfə: barlı və barsız zoğlar bir-birindən seçildikdə, yəni zoğların boyu 5-6 sm-ə çatanda və bundan 8-10 gün sonra aparılmalıdır. Bəzi üzüm sortlarında vegetasiya dövründə gözcüklərdən 2-3 zoğ çıxır. Onların bəzisi barlı, bəzisi isə zəif çiçək topacığına malik olur ki, yaşıl budama vaxtı tənəyin gücünü nəzərə alaraq, az barlı zoğların qoparılması yaxşı nəticə verir.

Ümumiyyətlə tənəklərdə yaşıl budama aparılmadıqda qida maddələri lazımsız orqanlara sərf olunur ki, bu da tənəkləri zəiflədir, tənəyin yeraltı və yerüstü orqanları arasında korrelisyon asılılıq pozulur.