İnformasiya hücumları/İnformasiya hücumları nədir?

../ İnformasiya hücumları

../

İnformasiya müharibəsi informasiya hücumları ilə həyata keçirilir. İqatisadi sahədən tədrisə kimi bütün sahələrdə informasiya hücumları və bu hücumlarda istifadə olunan vasitələrin – informasiya silahlarının tətbiqi baza biliklərini cəmləmiş alqoritm və texnologiyalardan istifadəyə yönəlmişdir. Çox zaman informasiya silahları dedikdə qarşı tədəfin informasiya resurslarını nəzarətdə saxlamaq və ya məhv etmək üçün istifadə edilən kompleks proqram və texniki vasitələr nəzərdə tutulur. Lakin nəzərə alsaq ki, informasiya silahları həm də insanların davranışını nəzarətdə saxlamaq üçün nəzərdə tutulmuşdur, o zamanV.F. Prokofyevin verdiyi tərif daha uyğundur: informasiya silahları informasiya qarşıdurmasında istifadə edilən proqram və texniki vasitələrlə yanaşı, həm də insanlara informasiya təsiri vasitələri və üsullarıdır. Son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafını nəzərə alaraq deyə bilərik ki, informasiya silahları:

  • informasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması;
  • mühafizə sisteminin dəf edilməsi;
  • hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması;
  • kompyuter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması vasitələridir.

Proqram-apparat istifadəsi formalarında universallıq, gizlilik, çoxvariantlılq, təsirin radikallığı, təminatın kifayət qədər zaman və məkan seçimi, nəhayət, əlverişli olması informasiya silhlarını həddən artıq təhlükəli edir. Bu zaman informasiya silahı mühafizə vasitələri siyahısı altında asanlıqla maskalanır və informasiya müharibəsinin anonim aparılması üçün uyğun şərait yaranmış olur.

İnformasiya silahları haqqında deyilənləri nəzərə alaraq informasiya hücumları haqqında da müəyyən fikir söyləmək mümkündür. S.N.Qrinyayev “Интеллектуальное противодействие информационному оружию” kitabında yazır: “Əgər informasiya silahları vasitəsilə informasiya sistemində saxlanılan, emal edilən və şəbəkə ilə ötürülən informasiyaya təsir edilirsə, bu artıq informasiya hücumudur”. Müxətəssislərin fikirlərini nəzərə alaraq deyə bilərik ki, informasiya hücumu dedikdə informasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması; mühafizə sisteminin dəf edilməsi; hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması; kompyüter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması ilə nəticələnən əməliyyatlar nəzərdə tutulur.

İnformasiya hücumunda məqsəd:

  • İdarə strukturlarının, nəqliyyat axınının və kommunikasiya vasitələrinin fəaliyyətinin pozulması;
  • çoxhissəli texnoloji əlaqələri və qarşılıqlı hesab sistemlərini pozmaqla, valyuta-maliyyə fırıldaqları həyata keçirməklə ayrı-ayrı müəssisələrin, bankların, müxtəlif istehsal sahələrinin fəaliyyətlərinin məhdudlaşdırılması və ya tamam təcrid edilməsi;
  • təhlükəli maddələrlə və enerjinin yüksək konsentrasiyaları ilə əlaqəli olan texnoloji proseslərin və obyektlərin düzgün idarəsinin pozulması nəticəsində iri texnogen qəzaların təşkili;
  • insanların şüuruna müəyyən təsəvvürlərin, davranışların və əxlaqi stereotiplərin kütləvi yönəldilməsi və yayılması;
  • əhali arasında hərcmərcliyin və narazılığın, eləcə də ayrı-ayrı sosial qruplar arasında destruktiv hərəkətlərin təşkil edilməsi.

İnformasiya hücumlarının analizini aparmaq üçün əvvəlcə bütün mümkün hücum mənbələri təyin edilməli və bütün mümkün nəticələrlə əlaqələndirilməlidir. Araşdırmalardan məlum olmuşdur ki, informasiya hücumlarını analiz edərkən bütün mümkün təhlükələri müəyyən ardıcıllıqla aşkar etmək vacibdir:

  • 1. Kompyuter sistemi və ya şəbəkəsindəki informasiyaya fasiləsiz müdaxilə faktının aşkara çıxarılması;
  • 2. Kompyuter sistemi və ya şəbəkəsinə müdaxilə məkanının aşkara çıxarılması;
  • 3. İnformasiya hücumu vaxtının təyin edilməsi;
  • 4. Kompyuterdəki informasiyanın mühafizəsi vasitələrinin etibarlılığının kifayət dərəcədə olmamasının aşkara çıxarılması;
  • 5. İcazəsiz müdaxilə üsullarının təyin edilməsi;
  • 6. İnformasiya hücumları ilə məşğul olan şəxslərin, onların cinayətlərinin və cinayət motivlərinin aşkar edilməsi;
  • 7. İnformasiya hücumu nəticəsində yaranan ziyanın təyin edilməsi;
  • 8. İnformasiya hücumuna səbəb olan şəraitin üzə çıxarılması.