İnformasiya hücumları/Giriş
←../ | İnformasiya hücumları |
../→ |
Son illər informasiya texnologiyalarının inkişafı elə sürətlə davam edir ki, onun sonrakı fəsadları cəmiyyət tərəfindən gec təyin edilir və vəziyyətin qaydaya salınmasına müəyyən vəsait, zaman və bilik sərf etmək lazım gəlir. Müasir informasiya texnologiyalarının müxtəlif sahələrə tətbiqi informasiya mühitində yeni növ fəaliyyətlərin – informasiya qarşıdurması, informasiya hücumu, kibercinayətkarlıq, kiberterrorizm və buna bənzər bir sıra xoşagəlməz hadisələrin yaranmasına səbəb olmuşdur. Yuxarıda sadalanan informasiya əməliyyatları yüksək dərəcədə təsiretmə və çox kiçik ehtimalla aşkar olunma qabiliyyətinə malik olduqlarından, bu gün dünyada milli informasiya təhlükəsizliyinin təmini məsələsi çox aktualdır.
Tarix boyu informasiya müharibəsi anlayışı təbliğat, təbliğata qarşı mübarizə, dezinformasiya metodları, psixoloji müharibə kimi hadisələrlə əlaqələndirilmişdir. Hal-hazırda isə cəmiyyət inkişaf etdikcə, yeni həyat tərzi yarandıqca, “intellektual iqtisadiyyat” genişləndikcə informasiya müharibəsi sosial hadisə kimi əhəmiyyətli dərəcədə avtonom status almışdır. İnformasiya müharibəsi çox geniş sahələri əhatə etdiyinə görə ona verilən təriflər də müxtəlifdir. Lakin ümumi şəkildə demək olar ki, informasiya müharibəsi informasiya təsirinin üsul və vasitələrindən istifadə etməklə insanların psixologiyasına, həmçinin fəaliyyətdə olan texniki vasitələrə genişmiqyaslı informasiya əməliyyatıdır.
İnformasiya müharibəsi texnologiyaları bu gün cəmiyyətin elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi sahələrində nailliyyətlər əldə etməsi üçün yüksək effektli vasitələr sayılır.