İqtisadi təhlilin nəzəriyyəsi/İqtisadi təhlilin növlərinin, formalarının və istiqamətlərinin təsnifatı

../ İqtisadi təhlilin nəzəriyyəsi

../

Məlumdur ki, iqtisadi təhlilin ayrıca predmeti və metodu olduğu kimi onun növləri də vardır. Bu baxımdan iqtisadi təhlilin növlərinin nəzəri əsasları barəsində düzgün təsəvvürə malik olmadan müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində iqtisadi təhlilin hansı növündən istifadə edilməsi məqsədyönlü olmasını düzgün müəyyən etmək olmaz.
Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti iqtisadi təhlilin obyekti hesab olunur. Lakin müəssisənin və ya birliyin təsərrüfat fəaliyyəti onların tərkibinə daxil olan ayrı-ayrı bölmələrin, təsərrüfat vahidlərinin, sexlərin və briqadaların işi ilə bilavasitə əlaqədar olduğuna görə təhlilin sonrakı mərhələlərində bu bölmələrin fəaliyyəti də onun obektinə çevrilir.

Ayrı-ayrı orqanlar, fiziki və hüquqi şəxslər tərəfindən müəssisə, idarə və təşkilatların təsərrüfat fəaliyyəti təhlilinin məqsədi, maraqları, əhatə dairəsi, aparılması müddətləri, informasiya mənbələri və s. kəskin sürətdə fərqləndiyinə görə təhlilin növləri də fərqləndirilir. Buna görə də təsərrüfat fəaliyyəti təhlilinin növləri müxtəlif əlamətlərə görə qruplaşdırılır. Mövcud iqtisadi ədəbiyyatlarda təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı kimi təsnif edilir:

Sahə əlamətinə görə: İqtisadiyyatın ayrı-ayrı sahələrində istehsal texnologiyaları, onun təşkili və idarə edilməsi formaları, istehsal fəaliyyətini xarakterizə edən göstəricilər sistemi və onların formalaşması və i.a. müəyyən spesifik əlamətlərə görə fərqlənir. Bu səbəbdən də sahə əlamətinə görə təsərrüfat fəaliyyətinin təhlili sahələrarası və sahədaxili növlərinə bölünür.

Sahələrarası təhlil, təsərrüfat fəaliyyəti təhlilinin nəzəri və metodoloji əsaslarını təşkil edir.

Sahədaxili təsərrüfat fəaliyyətinin təhlili ayrı-ayrı xalq təsərrüfat sahələrinin fəaliyyətinin spesifik xüsusiyyətlərindən irəli gəlir. İstehsal fəaliyyətində, idarəetmədə, kapitalın strukturu, istifadə istiqamətləri və i.a. mövcud olan spesifik xüsusiyyətlərinə baxmayaraq, ölkə iqtisadiyyatının bütün sahələri bir-biri ilə bağlıdır və qarşılıqlı əlaqəli sürətdə fəaliyyət göstərir. Bunalara xas olan ümumi əlamətlər çoxdur. Ayrı-ayrı sahələrin qarşılıqlı əlaqələri, daxili əlaqələr sahələrarası təhlilin köməyi ilə öyrənilir. Sahələrarası təhlil bu elmin metodoloji əsaslarını, xüsusiyyətlərini açıqlayır, müxtəlif sahələrdə mövcud olan qabaqcıl təcrübəni öyrənir.

Vaxt əlamətinə görə: Yəni, aparılması müddətə görə təhlil iki yerə ayrılır.

a) qabaqcadan təhlil
b) sonradan təhlil

Qabaqcadan təhli müəssisədə təsrrüfat əməliyyatları aparılmazdan əvvəl aparılır. Bu təhlilin başlıca məqsədi plan tapşırıqlarını, idarəetmə qərarlarını əsaslandırmaq, gələcəkdə onların yerinə yetirilməsinin mümkünlüyünü və effktivliyini təmin etməkdən ibarətdir. Qabaqcadan təhlil əksər hallarda avans edilən kapitalın daha tez və artıqlaması ilə qayıtmasında marağı olan sahibkarlar, öz kapitallarını investisiya qoyuluşuna yönəldənlər, təsərrüfat subyektlərində idarəetmə funksiyalarını icra edənlər tərəfindən aparılır. Sonradan təhlil təsərrüfat prosesində icra edildikdən sonra onların yerinə yetirilməsinə nəzarət yetirmək üçün, nəticələrini obyektiv qiymətləndirmək üçün aparılır.

Təhlilin bu iki növü bir-birilə sıx bağlıdır və biri digərini tamamlayır. Sonradan təhlilsiz qabaqcadan təhlil qeyri-mümkündür. Keçmiş dövrlərdə material, əmək və maliyyə resurslarından istifadənin nəticələrindən qarşıdakı dövr üçün iqtisadi göstəricilərin planlaşdırılmasında, idarəetmə qərarlarının hazırlanmasında istifadə edilir. Son illərdə iqtisadi təhlilin inkişafı ilə əlaqədar olaraq retrospektiv təhlil öz növbəsində cari və yekun təhlilə bölünmüş və təhlilin təsnifatında ayrıca yerlərə malikdir.

Operativ təhlil təsərrüfat əməliyyatlarının iqtisadi gedişatı zamanı yaxud başa çatan kimi qısa bir müddət ərzində norma və normativlərdən, resepturalardan və i.a. əməliyyatların gedişatı zamanı aşkar etmək məqsədilə aparılır. Bu təhlilin başlıca məqsədi işdə olan nöqsan və çatışmazlıqları operativ qaydada təyin etməklə təsərrüfat proseslərinə daha tez və əməli təsir göstərməkdir. Operativ təhlil bilavasitə təsərrüfat əməliyyatlarını icra edən, texnoloji prosesləri yaxşı bilən və onların yüksəldilməsində maddi marağı olan iş adamları tərəfindən cari uçot məlumatlarına, müşahidə materiallarına əsasən aparılır.

Yekun-son təhlil müəyyən hesabat dövründə təsərrüfat əməliyyatlarının icrası başa çatdıqdan sonra həmin dövrün hesabat əməliyyatlarına əsasən əməliyyatları icra edənlər və idarəetmək funksiyalarını icra edən vəzifəli şəxslər tərəfindən həmin dövrdə müəssisənin fəaliyyətini öyrənmək və qiymətləndirmək məqsədilə aparılır.

Məkan əlamətinə görə iqtisadi təhlilin iki növü vardır.

a) Təsərrüfatdaxili təhlil
b) Təsərrüfatlararası təhlil

Təsərrüfatdaxili təhlildə müəssisəninn, onun ayrı-ayrı struktur bölmə və şöbələrinin, digər tərkib hissələrinn fəaliyyəti öyrəilir.

Təsərrüfatlararası təhlildə eyni şəraitdə işləyən, istehsal profili və miqyasları, satış bazarları eyni olan iki və daha çox müəssisənin fəaliyyəti təhlil edilir. Təsərrüfatlararası təhlil qabaqcıl təcrübəni müəyyən etməyə, təsərrüfatdaxili ehtiyatları, nöqsan və çatışmamazlıqları aşkara çıxarmağa, habelə bunları hesaba almaqla həmin müəssisələrin fəaliyyətlərinin effektivliyini daha dəqiq qiymətləndirməyə imkan verir.