Ağbaba folkloru/Vəsfi-hallar/Vəsfi-hal (3)

../ Ağbaba folkloru/Vəsfi-hallar

../

 
3.
Qanovuz şaldan olmaz,
Ipəkdən, şaldan olmaz.
Kisə nədi, zad nədi,
Qulplu çuvaldan olmaz.

Çörək olub baha çox
Geyim var isbaha çox.
Nə gövdun var, nə cad var,
Kasıbda işdaha çox.

Ayağı patavalı,
Allahın laı-malı.
Ayaq üstə durammır,
Tez-tez dəyişir halı.

Patrax gəlir, yol verim,
Dərinizdən zol verim.
Kolxoz qurur, durmuyun,
Qoyun verin, mal verin.

Rəngin-ruhun solmasın,
Allah səndən almasın.
Daddı olsun, bəzir tök,
Bişir yarma dolması.

Aclıq gəzir arada,
Dözə bilmir hər adam.
Süd içən qalır belə,
Çıxa bilmir qaradan.

Öküzə dəymə, gədə,
Çubuxla döymə, gədə.
Bu sovet öküzüdü,
Görəllər, qanın gedər.

Sovet nədi, bilmirəm,
Danışmıram, gülmürəm.
Yatdığım yer axurdu,
Evə gələ bilmirəm.

Günümü Allah kəsib,
Üstümə hey yel əsib.
Adım çoban, özüm qul,
Binəsibəm, binəsib.

Yetimin işi ahdı,
Ümid yeri Allahdı.
Bir şey tapmır yeməyə,
Kasıbın ağzı yoxdu?!

“Davariş”dər başdadı,
Gözdəri daş-başdadı.
Dənnəndilər kişilər,
Namərd işi başdadı.

Ac dolanan yalanar,
Yanar oda qalanar.
Vergi verginin üstə,
Adam necə talanar?!

Yunun yoxdu, dur, yun ver,
Saçlarını ya yön ver.
Kasıb neyniyir canı,
Sovet üçün dur, can ver.

Necə ocaq söndü vay,
Elin taxtı döndü, vay.
Zülüm ərşə dayandı,
Ahlar yerə endi, vay.

Yıxılıram acımnan,
Aclıx tutub qıçımnan.
Kətə görrəm yuxuda,
Yanğı keçir içimnən.

  • Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi