Azərbaycan türklərinin təşəkkülü tarixindən/V Fəsil
←IV Fəsil | Azərbaycan türklərinin təşəkkülü tarixindən |
Redaktordan→ |
Azərbaycan dilinin təşəkkülünə dair
redaktəYuxarıda deyilənlərdən görünür ki,, Azərbaycan dilinin kökləri er. əv. I minilliyə - manna, maday, kas və alban dillərinə gedib çıxır. Bu etnosların dilləri Azərbaycan dilinin təməl layını, er. əv. VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmer, işkuz və sakların dilləri isə ikinci layını təşkil edir. Dilimizin birinci layının kökləri isə daha qədimlərə - er. əvvəlki minilliklərdə Ön Asiya və Azərbaycan ərazisində yaşamış Şumer, Lulube, Kuti, Kas və b. etnoslarla bağlıdır. Burada şumerlərin etnik mənsubiyyəti barədə söhbət açmaq fikrimiz yoxdur. Orta Asiyada, Qazaxıstanda, Türkiyədə və Azərbaycanda müxtəlif vaxtlarda bu problemə dair yazılar çap olunmuşdur. Hommelin şumerlərin Altaymənşəli olması fikrini (o, ilk dəfə şumer dilində dinqir, Ay, ―Ay allahı‖, dağ, qaya, üç və b. sözlərini türkcə tenqri, Ay, dağ, qaya, üç sözlərilə müqayisə etmişdi), bütün səylərə baxmayaraq, təkzib etmək mümkün olmamışdır. Şumerlərin Altaymənşəli olması fərziyəsini inkar edənlər nədənsə bir suala cavab vermirlər: çoxsaylı şumer-türk leksik paralelləri (bax: 7) nə ilə əlaqədardır və nəyə görə başqa dil ailələri (məsələn, semit, Qafqaz, Hind-Avropa və b.) ilə yox, məhz türk dilləri ailəsi ilə oxşarlıqlar mövcuddur? Ehtimal ki, hürri, het, elam, urartu və b. qədim şərq dillərindəki türkmənşəli sözlər (bax: 12) məhz bu qədim etnosların dillərindən alınmalardır. Bununla əlaqədar olaraq Azərbaycan dilinin təşəkkülü problemi azərbaycanlıların mənşəyi haqqında yeni konsepsiyaya uyğun aspektdə qoyulmalı və onun ana xəttini dilimizin Azərbaycan ərazisində eradan əvvəlki etnosların birbaşa varisi olması müəddəası təşkil etməlidir. Nəzərdə tutulmalıdır ki, toponimlərin və şəxs adlarının araşdırılması nəticəsində üzə çıxarılmış manna, midiya və alban dillərinə aid leksik vahidlər dilimizin erkən türixi haqqında təsəvvür yaratmağa imkan verir. Bu sahədə dilçilərimizin artıq uğurlu araşdırmaları vardır. T. İ. Hacıyevin 13; 14; 15; 16), F. A. Cəlilovun (12), N. M. Xudiyevin (11),, C. V. Qəhrəmanovun və Ş. X. Xəlilovun (4) əsərləri Azərbaycan xalqının mənşəyi haqqında yeni konsepsiyanın təməl daşları sayıla biləcək tədqiqatlardır. N. M. Xudiyevin əsərində doğru göstərilir ki, Azərbaycan ərazisində qədim etnosların və onların türkdilli olması fikri Azərbaycan dilinin təşəkkülü tarixi və ümumiyyətlə, türk dillərinin mövcud təsnifi məsələlərinin yenidən araşdırılması vəzifəsini qarşıya qoyur. Bu əsərlərdə Azərbaycan türk dilinin guya XI-XII əsrlərdən sonra yaranması, yəni göstərilən əsrlərdə cənubda ―İrandilli‖, şimalda ―Qafqazdilli‖ Atropaten və Alban dillərinin tamamilə assimilyasiyaya uğraması əsasında təşəkkül tapması fikri xalqımızın və dilimizin tarixinə yabançı, kənardan yapışdırma fikir kimi rədd olunmuşdur. Doğrudan da qısa bir tarixi müddət ərzində ümumxalq türk dili və onun əsasında ədəbi dil yarana bilməzdi. İ. A. Boduen de Kurtene, Q. Şuxardt, L. V. Şerba, A. Meyə kimi böyük tədqiqatçılar dillərin əvəzlənməsi və bir dilin ölüb getməsi prosesinin dilçilikdə aydın olmadığını yazmışlar. Lakin tarixçilərimiz bu problemi çox asanlıqla ―həll‖ etmişlər: oğuzlar Ön Asiyanı və Qafqazı işğal etdilər, lakin yalnız Azərbaycan ərazisində ―İrandilli‖ atr opatenlilərə və ―Qafqazdilli‖ albanlara qənim kəsilərək, təzminən yüz il ərzində dillərini məhv etdilər, elə məhv etdilər ki, heç bir kəndin əhalisi də canını xilas edə bilmədi, heç bir əsər-əlamət qalmadan yoxa çıxdılar və nəticədə XIII əsrdə burada Azərbaycan ədəbi türk dili formalaşdı! Əslində isə heç bir belə proses getməmişdir, bu, ola da bilməzdi, çünki oğuzlar əhalisi qədimdən türkcə danışan ölkəyə gəlmişdilər. Mən on illər boyu bu qondarma konsepsiyanın əleyhinə çıxmışam. Dilimizin Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdə yaşamış türkmənşəli etnosların dilləri əsasında təşəkkül tapdığını sübut edən faktları yuxarıda vermişik.
Ümumiyyətlə, tarixilik prinsipi dərketmənin prinsipi kimi, hər bir hadisəni onun yekunu, nəticəsi vasitəsilə anlanmasının mümkünlüyünə əsaslanır: Azərbaycan ərazisində nəhayət etibarilə erkən orta əsrlərdə ümumxalq türk dilinin (Atropaten və alban dillərinin) mövcud olması göstərir ki, bu dil yerli qədim türk etnosların dilləri əsasında yaranmışdır. Bu müddəa ―müasir – keçmişinin məhsuludur, nəticəsidir‖ deyən dərketmə prinsipinə uygundur. Toponimlərdə və şəxs adlarında əksini tapmış manna, maday və alban dillərinə aid sözlərin indi də Azərbaycan dilində işlənməsi də, başqa sözlə, dilimizin çoxminillik vərəsəliyə malik olması da bu prinsipə əsaslanır. Bir neçə misal göstərək. Manna çarlarının bəzilərinin (Musasin, Eresin, Şarsin) adlarının sonlarında ―sin‖ sözü vardır. ―Sin‖, ―çin‖, ―şin‖ formalarında bu söz qədim türklərdə şəxs adlarının sonunda eynilik, bənzərlik, oxşarlıq bildirirdi. Azərbaycan dilindəki ―çin‖ (türk dillərində s-ç-ş əvəzlənməsinə görə, demək olar ki, çin sözü sin və şin sözlərinin variantıdır) sözü şəxs adlarında onun dəqiq mənasını müəyyən etməyə kömək edir. Məsələn, ―yuxum çin çıxdı‖ ifadəsində çin sözü ―olduğu kimi‖, ―eynilə‖ mənasındadır. Ona görə Manna hakimlərindən Ərəsinin adı əslində ―tamamilə ər (igid, döyüşçü) kimi‖, daha dəqiqi ―ərin özüdür‖ mənasını verir. Güman ki, asurca Ərəsin kimi yazılmış ad Ərəçin kimi səslənirdi, lakin həmin dildə ―ç‖ səsi olmadığına görə ―çin‖ sözü ―sin‖ kimi yazılmışdır; Bu da ola bilər ki, həmin adda bu sözün məhz sin forması iştirak edir. Lakin Azərbaycan dilində bu sözün şın (məsələn, ssarışın, ―sarıya bənzər‖, ―sarı kimi‖) variantı da vardır və şübhəsiz ki, sin, çin, şin sözünün formasıdır. Bu göstərir ki, dilimizdə çin və şin (şın) sözlərinin müstəqil iki mənbəyi vardır. Onların biri manna dilidir. Azərbaycan dilində eyni mənada san (ad-san) və şan (şan-şöhrət) sözləri vardır. Manna və Midiya adlarında ―san‖ sözü vardır. Deməli, san və şan sözlərindən biri qədimdən mövcuddur.
Azərbaycan dilində həm tək (qədim türkcə tek, S. E. Malova görə, - Памятники древнетюрской письменности. –М.-Л., 1951, с.33 qədim türkcə bu söz «təq‖ kimidir) – ―kimi‖, ―sanki‖, ―elə bil‖, ―oxşar‖, ―bənzər‖ (100, 546) və həm də tən (qədim türkcə tenq – ―eyni dərəcədə‖, ―eyni bərabərdə‖, ―uyğun gələn‖ (100, 551) sözləri işlənir. Ərətən (ərə bərabər. ər kimi) və Davtək (dayı tək) şəxs adları göstərir ki, alban dilində də bu sözlər vardı və deməli, qədim ―tenq‖ sözü ilə bağlı dilimizdə ―tən‖ və ―tək‖ formalarının müxtəlif mənbələri vardır. Azərbaycan dilinin oğuz dillər qrupuna aid olduğuna görə erkən orta əsrlərdə yaranması haqqında tarixşünaslığımızda əksini tapmış fikrin qondarma olduğunu göstərən belə faktlar çoxdur. T. İ. Hacıyev bunu deməkdə haqlıdır ki, ümumi danışıq dili olmadan ədəbi dil yarana bilməzdi. Əgər XIII əsrdə yazılı dilimiz vardısa, bu, o deməkdir ki, ondan çox- çox əvvəl ümumxalq danışıq dili vardı. Bu isə Azərbaycan dilinin XII – XIII əsrlərdə yaranması fikrinə ziddir. Qazi Bürhanəddinin, Nəsiminin, Şah İsmayıl Xətainin yaradıcılığı yalnız uzun təkamül prosesini keçirmiş ümumxalq danışıq dili əsasında mümkun ola bilərdi, ―kənardan gətirilmə‖ və ―yerlilərə qəbul etdirilmə‖ türk dili əsasında da ola bilməzdi. Hər hansı bir dildə şer yazılırsa, deməli, həmin dil şifahi ədəbi dil ənənələrinə malikdir. Bütün bunlar özlüyündə aydın şeylərdir, lakin bəzitarixçilərimizi buna inandırmaq olmur. Azərbaycan dilinin oğuz dillər qrupuna məxsus xüsusiyyətlərinin üstünlük təşkil etməsi oğuzların ulu əcdadlarının Ön Asiya və Azərbaycan ərazisindəki qədim etnoslarla mənşə birliyini göstərən fakt kimi nəzərə alınmalıdır. Məsələn, müasir xakasların və uyğurların qədim etnik adları kasdır. Xakaslar və uyğurlar isə mənşəcə oğuzlarla bağlı xalqlar sayılır. Belə olduqda Azərbaycan dilində oğuz dilləri üçün səciyyəvi xüsusiyyətlər Azərbaycanda er. əv. II minillikdən məlum olan kasların dilində də ola bilərdi. Hunların və kəngər –peçeneqlərin oğuz mənşəli olması və həmin tayfaların eranın əvvəllərindən Albaniyada məskunlaşmaları da nəzərə alınmalıdır.
Azərbaycan dilinin eradan əvvəlki etnik komponentlərinin nisbəti barədə bitmiş fikir söyləmək çətindir. Lakin burası şübhəsizdir ki, xəzər və oğuz- qıpçaq dillərinə mənsub səciyyəvi xüsusiyyətlərdən başqa dilimizdə qabaqkı etnik komponentlərin izləri də olmalıdır. E. İ.Əzizov Azərbaycan dialektlərindəki türk, xəzər və oğuz komponentlərindən şərti olaraq adlandırdığı türk komponentinin eradan əvvəlki minilliklərlə bağlı olduğunu yazmaqda (6, 71) haqlıdır. Lakin bir məsələ aydındır: indi ―Azərbaycan dili‖ adlandırdığımız dilin rəsmi olaraq ―türk dili‖ adlanması məhz oğuzlarla bağlıdır. Tarixi faktların azlığı ucbatından azərbaycanlıların ulu əcdadları sayılan kutilərin və lulubelərin etnik mənsubiyyətləri barədə qəti fikir söyləmək mümkun olmasa da, tədqiqatçıların bu fikri çox əhəmiyyətlidir ki, mannalar kutilərin və lulubelərin varisləri kimi tarix səhnəsinə çıxmışlar. Bu varislərin sırasında indiyədək İrandilli sayılmış madayları da əlavə etmək lazımdır. Yuxarıda gətirdiyimiz faktlar isə mannaların, madayların və kasların türkmənşəli etnoslar olduğuna şübhə yeri qoymur.
Azərbaycan dilinin təşəkkülü problemi araşdırılarkən er. əv. VIII – VII əsrlərdə Cənubi Qafqazda və Ön Asiyada məskunlaşmış kimmerlər, skiflər, saklar və eramızın I minilliyində gəlmiş müxtəlif türk etnosları da nəzərə alınmalıdır. Məsələnin belə qoyuluşu isə türkologiyada türk dillərinin təsnifi ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını göstərir. Türkoloqlar hunlardan qabağa gedə bilmədiklərinə görə, türk dillərinin indiki təsnifi qüsurlu və yarımçıqdır. Məsələn, N. A. Baskakovun təsnifində Altay dövrü er. əv. IV əsrdə bitmiş hesab edilir. Belə çıxır ki, həmin əsrdən əvvəl müstəqil türk dilləri yoxdur, türk, tunqus, mancur və monqol dilləri hələ ayrılmamışdı. Biz bunu türk xalqlarının tarixi sahəsində naşılığın ən yaxşı nümunəsi hesab edirik. Belə çıxır ki, er. əv. III əsrdə Mərkəzi Asiyada imperiya yaratmış türk hunlar cəmi yüz il ondan əvvəl yenicə ―dünyaya gəlmişdilər‖, ondan qabaq heç yerdə türk dili yox idi, təşəkkül tapmamışdı, monqol – tunqus- mancur qarışıqlı Altay dili vardı. Ona görə Altay dil ailəsinin parçalanması dövrü məsələsi xüsusi tədqiqat predmeti olmalıdır.
Q. İ. Ramstedt və B. Y. Vladimirsev hesab edirlər ki, Praaltay dili əvvəlcə ümumtunqus və ümummonqol- türk qollarına, sonra ikincisindən monqol və türk dillərinə ayrılmışdır (bu barədə bax: Насилов Д. М. Об Алтайской языковой обшности. К истории проблемы. «Тюркологический сборник - 1974», М. 1978, с. 90- 108). N. N. Poppeyə görə, Altay dil ailəsindən əvvəlcə pratürk qrupu ayrılmış, tunqus- monqol – mancur dilləri uzun müddət bir qrup daxilində qalmış və sonra parçalanmışdır (Poppe Nikolas. Verglichende Grammatik die Altaischen sprahen. Wiecbaden, 1960, I, s. 8). Yuxarıda er. əvvəl III – I minilliklərdə Azərbaycan ərazisində türk mənşəli etnoslar haqqında gətirdiyimiz faktlar göstərir ki, N. Poppenin fikri düzgün sayılmalıdır və Ümumtürk dillərinin Praltay dilindən ayrılmasını er. əv. III minillikdən əvvələ aid etmək lazımdır. Manna və Urartu ərazisində bia, mua – ―su‖ sözünün iştirakı ilə yaranmış tunqus – mancur mənşəli toponimlər (Buya, Zamua, Biaini və b.) məsələnin belə həllinə xələl gətirmir, çünki Altay dil (məsələn, Azərbaycan dilində ―taxta‖, tunqus dilində ―dyaqda‖) aşkar edilmişdir. Er. əv. I minilliyinə aid etnosların - mannaların, madayların, albanların, kasların, kaspilərin, kimmerlərin, skiflərinvə sakların dillərinə aid toponimlər və şəxs adları monqol – tunqus – mancur dilləri əsasında yox, məhz qədim türk dilləri əsasında yaranmışdır. Lakin əlbəttə, bu etnosların adamları özlərini ―türk‖ adlandırmamışlar. Onlar üçün ―türk‖ sözü konkret özünüadlandırma bildirən söz deyildi. ―Türk‖ etnonimi Altaymənşəli qədim etnoslardan birinin adı idi və ehtimal ki, ―Avesta‖ da qeyd olunan ―Tur‖ etnonimi ilə mənşəcə birdir. Azərbaycan dilinin təşəkkülü ilə bağlı mühüm məsələrdən biri də onun dövrləşdirilməsidir. Ə. Dəmirçizadənin, A. Qurbanovun, H. Xudiyevin, T. Hacıyevin, V. Aslanovun, E. Əzizovun, Ə. Şükürovun tədqiqatları sayəsində bu problemdə müəyyən qədər aydınlıq yaranmışdır. Lakin hələ araşdırılmamış məsələlər çoxdur. Bu onunla əlaqədardır ki, indiyədək Alban və Atropaten xalqlarının etnik təbiəti məlum deyildi və ona görə dilçilər Azərbaycan dilinin XI – XII əsrdən əvvələ apara bilmirdilər. Azərbaycan türk dilinin birbaşa sələfi Atropatena və Alban ümumxalq danışıq dilləridir. Mannada və Midiyada tayfa ittifaqları xalqa çevrilmədiyinə görə ümumxalq danışıq dili də yarana bilməzdi. Ona görə təxminən eyni tarixi mərhələ çərçivəsində yaranmış bu dillər Azərbaycan dilinin bünövrəsini təşkil edir. Alban tarixçisi Musa Kalankatlının çar Vaçaqanın (V əsr) bütün əyalətlərə fərmanlar göndərməsi haqqında məlumatından (I kitab, 20- ci fəsil) aydın olur ki, Albaniyada ümumxalq danışıq dili vardı. Alban dili həm də V- VII əsrlərdə yazılı dil idi.
Mənbələrdə qeyd olunur ki, Bibliya alban dilinə tərcümə olunmuşdu. Bu onu göstərir ki, alban dili ―Bibliya‖ kimi kitabın dilini verməyə qadir lüğət fonduna malik dil idi. Bilirik ki, ərəblərin Azərbaycanı işğal etməsilə alban etnosu dini mənsubiyyətcə parçalanmış, VIII əsrin əvvəlində xilafətin köməyi ilə erməni kilsəsi alban kilsəsini özünə tabe etmişdi. Bu alban yazısının məhvinə səbəb olduğu kimi, ümumalban danışıq dilinə də zərbə vurmuşdu. Əslində ümumxalq Alban danışıq və yazılı dilinin tarixi bununla bitir və VIII əsrdən sonra Albaniya və Atropatenada türk tayfalarının albanların müsəlman hissəsi və atropatenlilərlə konsolidasiyası yeni etnosun – Azərbaycan etnosunun formalaşmasına səbəb olmuşdur. Böyük Nizami və Xaqani məhz Albaniya ərazisində əsrlər boyu formalaşmış mədəni irsi və formalaşmış dili əhatə edən özül üzərində yüksəlmişdi. Nizami etnik mənsubiyyətcə türk idi və onun ana dili də albanların türk dili idi. Məlumdur ki, Nizami qıpçaq qızı ilə evlənmişdi. Yəqin ki, həmin qız nə ərəb, nə də farsca bilmirdi. Nizami türk deyildisə (XI-XII əsrlərə qədər Alban əhalisinin Qafqazmənşəli olmasını söyləyən tarixçilərimizin ardınca getsək) türk qızı ilə necə ailə qura bilərdi? Belə aydın məsələləri də bəzi tədqiqatçı tarixçilərimizə başa salmaq olmur. Oğuzların XI-XII əsrlərdə gəlməsi ilə Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşması istiqamətində davamedən prosesin yeni mərhələsi başlanır.VII-VIII əsrlərdə Azərbaycana köçürülmüş ərəb tayfalarının assimilyasiyası da bu mərhələ ilə bağlıdır.
Oğuzların dili yazılı dil idi. Hələ Orta Asiyada onların dilində əsərlər yaranmışdı. ―Kitabi Dədə Qorqud‖un dili həmin oğuzların dili ilə yerli alban-atropaten dillərinin konsolidasiyası prosesinin nəticəsində təşəkkül tapmış dil idi. Lakin Qətran Təbrizinin, Nizaminin, Xaqaninin və ümumiyyətlə, XIII əsrə qədər yazıb yaratmış Azərbaycan şairlərinin dili oğuzların gəlişinə qədərki ümumxalq danışıq dili idi. Bura Cənubi Qafqazda və Cənubi Dağıstanda yaşayan bütün xalqların – ermənilərin, gürcülərin, tatların, talışların, ləzgilərin, udinlərin, Şahdağ ―qrupu‖ xalqlarının və s. dillərindəki çoxlu qədim türkmənşəli sözləri də əlavə etmək lazımdır. Həmin dillərdə qədim formalarını saxlamış türk sözləri Manna, Midiya, Atropatena və Albaniya toponimlərində və şəxs adlarında daşlaşmış sözlərlə, onları Azərbaycan dilində və dialektlərində müvafiq sözlərlə müqayisəli tarixi və filoloji təhlili Azərbaycan dilinin yazıyaqədərki inkişaf mərhələlərinin müəyyənləşdirilməsi üçün faktlar verə bilər. Bununla əlaqədar olaraq bir neçə misal çəkmək olar. V əsr erməni tarixçisi Favst Buzandın əsərində erməni dilində husan ―xanəndə‖ (ermənicə yazılışda əvvəlinə ―h‖ səsinin əlavə olunması ilə) sözünü götürək. XI-XII əsrlərdə Orta Asiyada məlum olan uzan (ozan) sözünün qədim erməni dilində olması göstərir ki, ermənilər onu albanlardan götürmüşlər. Sözsüz, Nizaminin çəkdiyi ozan (uzan) sözü də məhz alban dilinə mənsub idi. Er. əvvəl XVI-XV əsrlərə aid hürrit yazılarında Uqur adlı yerli allah adı çəkilir, lakin kənardan qəbulolunma allah olduğu göstərilir. Hürritlərdən bu allah adı ermənilərə də keçmişdir. Çox sonralar uğur sözü qədim türk runi abidələrində və ―Kitabi Dədə Qorqud‖da çəkilir. Er. əv. 519-cu ilə aid Bisütun qaya yazısında qədim farsca mətndə ―kara-Mada‖ ifadəsi işlənmişdir. Bütün tədqiqatçılar bu ifadənin ―Maday camaatı‖ mənasında olduğunu qeyd etmişlər. Lüğətlərdə ―kara‖ sözü qədim farsmənşəli söz kimi göstərilmişdir. Qədim erməni dilinə keçmiş bu söz Karapet (―kara başçısı‖) şəxs adında qalmışdır. Halbuki İran dillərinin heç birində ―kara‖ sözü yoxdur. Fars dilində hələ Sasanilər vaxtında türkcə qara, kara sözünün qarşılığı rama – ―dəstə‖, ―yığın‖, ―yığma qoşun‖ sözü vardır. Qədim erməni dilində isə qara və rama sözlərinin qarşılığı ―жоговурд‖ sözüdür. Deməli, kara fars və erməni mənşəli söz sayıla bilməz. ―Kara‖ qədim farslara məhz midiyalıların dilindən keçmiş türk sözdür. Türk runi abidələrində Azərbaycan dilində ―qara camaat‖ ifadəsi kimi ―camaat‖, ―əhali‖, ―rəiyyət‖ mənasında kara budun sözləri vardır. A. N. Kononov qədim türk dillərində ―qara‖ sözünün ―yığın‖, ―dəstə‖, ―güruh‖, ―camaat‖, ―xalq‖, ―qoşun‖ mənalarında olduğunu yazmışdır.
Diqqətəlayiqdir ki, ―kara-Mada‖ ifadəsini tədqiqatçılar ―Midiya qoşunu‖ kimi mənalandırırlar. Monqol dilində də xara ―kəndli‖, ―əkinçi‖, ―sıravi‖, ―sadə‖ deməkdir. XV-XVI əsrlərdə Sibir xanlığında sıravi əhali yalnız ―kara‖ adı ilə ifadə olunurdu. Belə misalları çox çəkmək olar. Onsuz da aydındır ki, Azərbaycan dili qədim tarixə, dərin köklərə malik dildir. Lakin bu köklər indiyədək aşkar olunmamışdı. İndi bu istiqamətdə böyük bir nailiyyət göz qabağındadır: dilimizin təşəkkülü problemi xalqımızın mənşəyi haqqındakı qondarma konsepsiyanın caynağından xilas edilmişdir. Azərbaycan türk dilinin Azərbaycan ərazisinə XI-XII əsrlərdə oğuzların işğalı ilə əlaqədar gətirilmə olduğunu deyənlər həqiqətən oğuzlarla bağlı Osmanlıtürk dilini (Türkiyənin dilini) misal çəkirlər. Doğrudan da Azərbaycan dili Türkiyənin dilinə çox yaxındır. Lakin bu müqayisə yerinə düşmüş. Türkiyə ərazisində həqiqətən türkləşmə prosesi getmişdir və XI-XII əsrlərdən qabaq Bizans imperiyasının əhatə etdiyi Anadoluda oğuzların dili XIV-XV əsrlərdə ümumxalq danışıq dilinə çevrilmişdi. Eradan əvvəl kimmerlərin, skiflərin və sakların müəyyən hissələrinin, erkən orta əsrlərdə bulqarların, peçeneklərin, avarların və b. türk tayfalarının indiki Türkiyə ərazisinin Şərq bölgələrində məskunlaşması məlumdur. Lakin Anadolunu türklərə verənlər XI-XII əsrlərin oğuzlarıdır və türk dilini də onlar gətirmişlər.
Anadolu yarımadasına oğuzların gəlişi kütləvi axın idi və onlar tezliklə oturaq həyata keçmişdilər. Deməli, Türkiyə ərazisi aborigen türklər ölkəsi olmamışdır. Ona görə XI-XII əsrlərə qədərki Anadolu toponimləri və şəxs adları da qədim türkcə deyil. Azərbaycan ərazisində isə vəziyyət bambaşqadır. Er. əv. I minillikdən başlayaraq Manna, Midiya Atropatena və Albaniya dövlətləri abarogen əhalinin siyasi qurumları idi. Deməli, Azərbaycanda XI-XII əsrlərə qədərki əhali ilə həmin əsrlərdən sonrakı əhali arasında etnik arasıkəsilməzlik vardır, halbuki, bunu Türkiyə üçün demək olmaz. Ona görə də Azərbaycan ərazisində Mannadan və Midiyadan başlayaraq XI-XII əsrlərə qədər toponimlər və şəxs adları da əsasən türkcədir. Bu o deməkdir ki, oğuzlar əhalisi əksəriyyətcə türk mənşəli əhalidən ibarət ölkəyə gəlmişdilər. O ki qaldı Azərbaycan dilinin Türkiyə dilinə yaxınlığı məsələsinə, bu da aydındır: əvvələn, Atropatena və Albaniyada erkən orta əsrlərdə məskunlaşmış türk tayfalarının dilləri mənşəcə Oğuz dilləri qrupuna daxil olan xalqların dilləri ilə eyni kökdən ibarət olmuşdur. Türkoloji ədəbiyyatda bu qədim xalqlar Qərbi-hun dilləri adlandırılır.Deməli, oğuz dilləri üçün səciyyəvi xüsusiyyətlər Azərbaycan ərazisinə Səlcuq-oğuzlarından qabaq gətirilmişdi; ikincisi, Azərbaycan ərazisində yaşamış qədim etnosların (mannaların, madayların, kasların, albanların və s.), habelə er. əv. VIII və VII əsrlərdə gəlmiş kimmerlərin, skifləri, sakların, quqarların, şirakların və b., Orta və Mərkəzi Asiya oğuzlarının eradan əvvəlki minilliklərindəki əcdadları ilə bir kökdən ibarət olmadığını nə ilə sübut etmək olar? Heç nə ilə. Əksinə, eradan qabaqkı minillikdə mövcud türk dilləri əsasında təşəkkül tapmış Azərbaycan dilinin Türkiyədə və Türkmənistanda oğuz tayfalarının dilləri əsasında formalaşmış Osmanlı-türk və türkmən dilləri ilə yaxınlığı göstərir ki, belə bir kökbirliyi olmuşdur; üçüncüsü, şübhəsiz ki, oğuzların gəlməsilə Azərbaycan ərazisilə Türkiyə və Azərbaycan dillərini yaxınlaşdıran ünsürlər daha da çoxalmışdır. Manna, Maday və Atropatena dillərində bizə mətnlət gəlib çatmamışdır. Alban dilində yazılar isə çoxdandır ki, tapılmışdır. Qırx ildən artıqdır ki, bəlkə də türk runi əlifbasının bir növü ilə yazılmış bu yazıları erməni və rus alimləri Dağıstan dillərində oxumaq üçün baş sındırırlar. Azərbaycanda türk runi əlifbasını bilənlər çoxdur, amma onları bu yazılar maraqlandırmır. Havaxtsa bir ananın bu yazıları oxuyacaq oğul doğmasını gözləmək lazım gəlir... Deməli, qədim və erkən orta əsrlərdə dilimizdən yalnız toponimlərdə və şəxs adlarında əksini tapmış türk leksik vahidləri məlumdur. Bu leksik vahidlərin filoloji təhlili xüsusi tədqiqat mövzusudur. Diqqəti cəlb edəni odur ki, həmin leksik ünsurlərin bir hissəsi indi də Azərbaycan dili eradan əvvəlki I minilliyin əvvəllərindən Azərbaycan ərazisində işlədilmiş dillər ilə vərəsəliyə malikdir. Bu, sonrakı tədqiqatlar üçün geniş meydan açır.