Azərbaycan tarixi/Qafqaz Albaniyası şəhərləri
←Antik Albaniyanın mədəniyyəti | Azərbaycan tarixi |
Babəkin başçılığı altında xalq azadlıq mübarizəsi→ |
Qarabağ dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının tunc və dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.
Qarabağın daş dövrünə aid olan maddi mədəniyyət nümunələri ondan sonra gələn Tunc dövrü (b.e.ə. IV-1I minilliklər) Kür-Araz mədəniyyəti nümunələrinin təkmilləşdiyi və daha geniş ərazidə yayıldığı izlənilir. İlk ocağı Azərbaycanın Qarabağ bölgəsi olan Kür-Araz mədəniyyətinin izlərinə bütün Cənubi Qafqazda, İranın şimal-şərqində, Şərqi Anadoluda, Dağıstanda, Çeçen-İnquşetiyada və b. yerlərdə təsadüf edilir. Qarabağ ərazisində aşkar edilmiş Kür-Araz mədəniyyətini səciyyələndirən maddi mədəniyyət qalıqları ilə zəngin olan Meynətəpə, Uzuntəpə, Şortəpə, Xaçbulaq, Xankəndi və Qaraköpəktəpə, Günəştəpə, Xantəpə, Şomulutəpə, Üzərliktəpə, Leylatəpə həmin mədəniyyətin Qarabağ ərazisində yaranması və yayılmasını təsdiq edir. Bu mədəniyyətə ətrafı qala divarı ilə möhkəmləndirilmiş şəhər tipli yaşayış yerləri və siklop tipli istehkamlar daxildir.
Qarabağın ən qədim dövrə aid bu abidələrindən boz, qara rəngli basma naxışlı qablar və az da olsa monoxrom boyalı qablar, həmçinin təsərrüfat, sənətkarlıq və məişət əşyaları, gildən düzəldilmiş kiçik fiqurlar tapılmışdır.
Tunc dövründə Qarabağ mis-mədən rayonunun yerli filizlərindən geniş istifadə və metal emalının inkişafı bu ərazidə müstəqil istehsalı qaydaya salmış, sənətkarlıq da inkişaf etmişdir.
Regionun tayfalarının təsərrüfat və mədəni inkişafı, onlarda izafi, artıq məhsulun meydana gəlməsi bu tayfaların Qafqaz tayfaları ilə və Ön Asiyanın şəhər sivilizasiyaları ilə mübadilə aparmalarını, ünsiyyət və qarşılıqlı əlaqələrinin inkişafını stimullaşdırırdı. Bütün bu deyilənlər mülki və sosial diferensiasiyanı dərinləşdirirdi və son nəticədə regionda sakin olmuş tayfaların sosial-iqtisadi, siyasi, mənəvi həyatında ciddi dəyişikliklərə gətirib çıxardı.
Orta Tunc dövründəki (b.e.ə. III-II minilliyin I yarısı) böyük inkişafın maddi sübutları o vaxtlar gur inkişaf etmiş metallurgiya və dulusçuluq peşəsi üzrə çoxlu miqdar və rəngarəng əşyalardan, xırdabuynuzlu mal-qaranın köçürmə maldarlığının qəti surətdə təşəkkül tapmasına gətirib çıxarmış artımından ibarətdir.
B.e.ə. II minilliyin ikinci yarısı – I minilliyin əvvəli- Qafqazın Son Tunc dövrü və Dəmir əsrinin başlanğıcında regionda metallurgiyanın inkişafı ilə səciyyələnir. Bu metallurgiya Qədim Şərqin mərkəzlərindəki metallurgiya ilə bir sırada dururdu. Bu, bizi maraqlandıran regionda ibtidai icma quruluşunun dağılması və tədricən erkən sinfi münasibətlərə keçilməsi dövrüdür.
Çoxlu miqdarda arxeoloji materiallar bu dövr cəmiyyətinin yüksək inkişaf səviyyəsinə malik olduğunu parlaq surətdə sübut edir. Son tunc və ilk dəmir dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri cənub ölkələri ilə çox sıx əlaqələrin mövcud olduğunu təsdiq edir.
Çox nəhəng Xocalı qədim qəbiristanlığı təxminən b.e.ə. II-I minilliyin hüdudlarında yaranmağa başlamış, regionun tayfalarının dəfn ayinlərinin əsas cəhətlərini özündə əks etdirmişdir.
Qarabağ bölgəsinin Qızılburun, Üzərliktəpə və s. kimi abidələrindən aşkar edilmiş maddi mədəniyyət nümunələri göstərir ki, burada tunc dövrünə aid Yaxın Şərq, xüsusilə Göytəpə (İran), Təpəhisarda (Türkiyə) tapılmış boyalı qablar ilə bir səviyyədə duran həndəsi motivdə, heyvan və quş rəsmləri ilə naxışlanmış polixrom və monoxrom boyalı qablar istehsal edilmişdir.
B.e.ə.VII əsrdə Kürlə Araz arasında məskunlaşmış türk məşəli Saklar, e.ə IV əsrdə məskunlaşmış Qarqarlar Qarabağ ərazisində yaşamışlar. Strabon “Coğrafiya” əsərində Albaniyada yaşayan sakların Kürdən cənubda yerləşdiyini qeyd etmişdir. Türk mənşəli sakların yerləşdiyi Sakasena Zəyəmçaydan-Kürəkçaya qədər Kürdən cənubdakı düzən ərazini əhatə edirdi. Kür-Araz çayları arasında yaşamış Sakların türk olduğunu İran tarixçisi Məhəmməd Həsənxan təsdiq edir. Kürdən cənubdakı Azərbaycan torpaqlarında, yaşamış qədim əhalinin müəyyən hissəsi türk mənşəli saklar və albanlar idilər.
Dağlıq Qarabağ ərazisində bir dağın Qarqardağ (2300 m) adlanması da bu fikri təsdiq edir. Qədim gürcü mənbələrində Qarabağ ərazisində Qarqari adlı məntəqənin adı çəkilir. XIV əsr müəllifi Gəncəli Kirokos bildirir ki, Dağlıq Qarabağda Qarqar adlı qala vardır. Qədim mənbələrdə Qarabağ zonasında albanlardan və türk mənşəli tayfalardan başqa ellərin (tayfaların) yaşadığı haqqında məlumat yoxdur. Çünki hər hansı bir el (tayfa) müəyyən bir ərazidə daimi yaşayırsa, onun adı və dilinə mənsub sözlər toponimlərdə əksini tapır. Bu cəhətdən, Qarabağ ərazisində qədim Tərtərqet, Parkank, Aran-rot, Qoroz və müasir Dondarlı, Şuşa, Vərəndə, Tuq, Sotk və başqa terminlər diqqəri cəlb edir. Plutarx (II əsr) tərəfindən Qafqazda Tərtər tayfasının yaşaması haqqında məlumat verir. Musa Kalankatlı Arsakda bu tayfanın adı ilə bağlı Tertuakan (Tərtərəkən) adlı yaşayış məntəqəsinin olduğunu qeyd edir. Qıpçaqların Arsakda çox qədimdən yaşadığı Hadrut rayonundakı Tuğ kəndinin adı da göstərir. XIX əsr mənbələrində Şuşa qəzasında Tuğ dağı və Tuğ kəndi, Zəngəzur qəzasında Tuğyurd dağı toponimləri sadalanır. Bütün bunlar, şübhəsiz, Tuğ kəndinin Qarabağda yaşamış türk dilli Tuğ elinin məskunlaşması nəticəsində yarandığını göstərir. Burada sonralar (1828-ci ildən sonra) ermənilər məskunlaşmışlar.
Qarabağda Alban və Qarqarlarla yanaşı, Qıpçaq tayfası da yaşamışdır. Qıpçaqlar eramızın əvvəllərindən bəri Qarabağ ərazisində məskun idilər. Qıpçaqların bir qolu – Quc tayfasının adı ilə bağlı olan Gəmrə-Quc, Dərə-Qoç, Qoçbək kimi toponimlər məlumdur.
Deyilənlər göstərir ki, Kürdən cənubdakı ərazi türk mənşəli Sak, Part, Alban, Uti, Aran, Şəki, Qarqar, Kəngər, Tər-tər, Peçenek, Hun, Xəzər və başqa tayfalara mənsub ellərin yaşadığı ərazidir.
Qarabağ ərazisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri Qarabağın tarixi keçmişini əks etdirməklə bərabər, orada yaşamış, insan qruplarının, tarixi inkişafı prosesini izləməyə imkan verir. Bu inkişaf insan məskənlərinin forma və quruluşca dəyişməsində, habelə insan həyatının təkamülünü əks etdirən digər daha yeni, daha mükəmməl maddi mədəniyyət nümunələrinin meydana çıxmasında özünü göstərir.
Cəmiyyətin inkişafının mühüm göstəricilərindən biri şəhərlərin meydana gəlməsi ilə səciyyələnir. Şəhərlər cəmiyyətin sosial-iqtisadi və mədəni səviyyəsini göstərir. Məxsus olduğu xalqın tarixi mədəniyyətini əks etdirir. Təsadüfi deyil ki, yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkmişdir.
Zəngin mədəniyyət ənənələri üzərində antik dövrdə meydana çıxmış Bərdə şəhəri, Qarabağ ərazisində – Kür çayı ilə Tərtər çayı arasında, indiki Bərdə şəhərinin yaxınlığında, təbii-coğrafi və strateji cəhətdən əlverişli olan bir ərazidə yerləşirdi.
B.e.ə.VII əsrdən tarixə məlum olan türk mənşəli part tayfasından olan sərkərdə Partatuanın adından götürülmüş bu ifadə antik dövrdə Parda şəhər adına çevrilmiş, ilk orta əsrlərdə Partav şəkilində işlədilmiş, sonralar (ərəblərin dövründə) “Bərdaa” və nəhayət Bərdə şəklinə düşmüşdür.
Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın, alban, eləcə də ərəb, fars və türk dilində olan mənbələrdə dəyərli məlumatlar verilir.
Bərdənin tarixi-arxeoloji tədqiqi göstərir ki, şəhər b.e.ə. V-IV əsrlərdə yaranmış, antik dövrdə, ilk, inkişaf etmiş və son orta əsrlərdə intensif şəhər həyatı keçirmiş və bu gün də öz həyatını davam etdirir.
Albaniyanın digər əraziləri kimi Qarabağ bölgəsinin, o cümlədən Bərdə əhalisinin də etnik komponetlərindən biri türk tayfaları idi. Bu dövrdə Albaniyada yerli tayfalar arasında, gəlmə tayfalar arasında, gəlmələr və yerli tayfalar arasında assimiliyasiya prosesi də baş vermişdir. Aparıcı tayfalar türk mənşəli olmuşdur.
Mənbələrin verdiyi məlumata görə Albaniyada danışıq dili arran (çox güman ki, türk dili qrupuna aid olmuşdur), yazı isə 52 hərfdən ibarət alban əlifbası olmuşdur. Tədqiqatlar Albaniyada müxtəlif dil qrupuna mənsub olan etnik tayfaların mövcudluğu ilə əlaqədar olaraq müxtəlif dillərdə danışıldığını göstərirlər. Bu məqsədlə aparılmış tədqiqatlarda albanları türk dilləri ailəsinə və tamamilə bundan fərqli olan İber-Qafqaz dil qrupuna aid edirlər.
Mənbələrdə inkişaf etmiş orta əsrlərdə yazı dilinin ərəbcə, danışıq dilinin isə fars, həm də ərəb dili olduğu bildirilir. Bərdə əhalisinin tərkibi mürəkkəb olmuş, orada yerli əhali ilə bərabər farslar, ərəblər və digərləri yaşamışdır. Ərəb müəllifləri Bərdə əhalisinin «arran dilində danışdığını» bildirirlər. Arran dilinin türk dili olması şübhəsizdir.
Tarixi-arxeoloji tədqiqatlar Bərdədə müxtəlif maddi mədəniyyətlərin, eləcə də dini və ideoloji cəmiyyətlərin mövcud olduğu dövrlədə zəngin tarixi irs yaratdığını göstərir. Xristianlıqla müsəlmanlığın biri digərini əvəz etdiyi dövrdə bu tarixi dövrün xüsusiyyətlərini əks etdirən proseslər həm arxeoloji, həm də tarixi mənbələrdə öz izini saxlayır.
Beləliklə, yazılı mənbə məlumatları və Bərdədə aparılmış arxeoloji tədqiqat işləri ilə əlaqədar əldə edilmiş materialların tarixi-arxeoloji tədqiqinə əsasən deyə bilərik ki, Bərdənin yerləşdiyi ərazidə tunc və dəmir dövrlərində iri yaşayış məskənlər, b.e.ə. V-IV əsrdə şəhər yaranmışdır. Bərdə şəhəri inkişaf edərək erkən orta əsrlərdə (V əsrdə) Albaniyanın paytaxtına çevrilmiş, orta əsrlərdə Azərbaycanın, həmçinin Yaxın və Orta Şərqin məşhur şəhərlərindən biri olmuşdur. Beş min ildən artıq intensiv yaşayış məskəni və 2500 ildən artıq şəhər tarixinə malik olan Bərdə günümüzə qədər öz həyatını qismən yerdəyişmə ilə ilk yarandığı ərazidə davam etdirmiş, bu gün də yaşayır və inkişaf edir.