Beynəlxalq müqavilələr hüququ/Beynəlxalq müqavilədə tərəflər

../ Beynəlxalq müqavilələr hüququ

../


Tərəflər müqavilə hüquq münasibətlərinin mühüm elementini təşkil edir. 1969-cu il və 1986-cı il Konvensiyalaranına görə, dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.

1969-cu il Konvensiyasının 6-cı maddəsinə əsasən, hər bir dövlət öz suverenliyi gücünə müvafiq olaraq müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir. Müqavilədə iştirak dövlətin müstəqil qərarına əsaslanır; bu onun hüququdur və yalnız onun iradəsi ilə şərtləşir. Lakin bir çox müqavilələrin səmərəliliyi məhz onların iştirakçılarının sayından asılıdır, ona görə ki, belə müqavilələr, onların obyekt və məqsədləri bütövlükdə bütün beynəlxalq birlik üçün xüsusi maraq kəsb edir və bütün dünya dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır (məsələn, nüvə silahının yayılmaması haqqında 1968-ci il Konvensiyası).

Dövlət universal hüquq qabiliyyətinə malik olmaqla, dövlətləarası münasibətlərin istənilən sahəsi üzrə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. İkinci halda bu, müqavilə qapalı olmadığı halda mümkün ola bilər; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (AŞ Nizamnaməsində bu nəzərdə tutulub) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər (Aİ haqqında Müqavilə, Şimali Atlantika (NATO) Müqaviləsi).

Qeyd edək ki, hər bir dövlətin beynəlxalq müqavilələrdə iştirakı bərabər suveren hüquqla şərtləşsə də, lakin onların real imkanları eyni deyildir. Müasir dövrün reallığı ondan ibarətdir ki, bu gün böyük dövlətlərin müqavilə hüququnun həcmi və əhəmiyyəti böyük olmayan dövlətlərinin müqavilə hüququndan əhəmiyyətli dərəcədə fərqlənir.

Beynəlxalq hökumətlərarası təşkilatların müqavilə hüquq qabiliyyəti 1986-cı il Vyana Konvensiyasında öz təsbitini tapmışdır. Həmin Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatların qaydaları ilə tənzimlənir. Bir haldakı beynəlxalq təşkilatlar törəmə və xüsusi beynəlxalq hüquq qabiliyyətinə malikdirlər, onda onların müqavilə hüquq qabiliyyəti də məhdud xarakterə malikdir. Deməli, beynəlxalq təşkilatın hansı müqaviləyə tərəf ola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır. Beynəlxalq təşkilatlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər.

Beynəlxalq hüququn digə subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Öz müstəqilliyi uğrunda mübarizə aparan millətlər beynəlxalq müqavilə hüquq qabiliyyətinə malikdirlər və beynəlxalq sazişlərdə tərəf qismində iştirak edə bilərlər.Məsələn, Fələstin Azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur. Dövlətəbənzər qurumlar da beynəlxalq müqavilələr hüququnun tam hüquqlu (lakin qismən suveren) subyektidir. Belə qurumlar (məsələn, Vatikan) əsasən dövlətlərlə diplomatik münasibətlərin qurulması, öz daimi nümayəndəliklərinin açılmasına dair müqavilələr bağlayırlar.

Müqavilə hüququ haqqında Vyana konvensiyalarında “müqavilənin tərəfi” anlayışı ilə yanaşı, digər anlayış və terminlərdən də bəhs edilir. Bu terminlər aşağıdakılardır: danışıqlarda iştirak edən dövlət (və ya beynəlxalq təşkilat) – yəni müqavilənin mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etmiş dövlət (və ya beynəlxalq təşkilat); razılığa gələn dövlət (və ya beynəlxalq təşkilat) – yəni müqavilənin qüvvəyə minib-minməsindən asılı olmayaraq, müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət (və ya beynəlxalq təşkilat); iştirakçı dövlət (və ya beynəlxalq təşkilat) – yəni müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət və ya beynəlxalq təşkilat; üçüncü dövlət – yəni müqavilənin tərəfi olmayan dövlət.

1969-cu il Vyana Konvensiyasının 34-cü maddəsinə əsasən, müqavilə 3-cü dövlətin razılığı olmadan onun üçün öhdəlik və hüquq yaratmır. Həmin Konvensiyanın 35-ci maddəsində isə vurğulanır ki, müqavilənin müddəası 3-cü dövlət üçün o zaman müvafiq öhdəlik kimi qəbul edilə bilər ki, həmin müqavilənin iştirakçısı olan dövlətlərin buna niyyəti açıq ifadə edilmişdir və 3-cü dövlət də bu öhdəlikləri qəbul etməyə dair öz niyyətini yazılı formada ifadə etmişdir.

Qeyd edək ki, bu anlayışlar yalnız sözügedən konvensiyaların kontekstində əhəmiyyətə malikdir. Dövlətlərarası müqavilə praktikasında müqavilənin potensial iştirakçıları kateqoriyasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Müqavilənin məqsədlərindən asılı olaraqpotensial iştirakçıların aşağıdakı kateqoriyalarını ayırmaq olar:

Zəruri iştirakçılar – elə dövlətlərdir ki, onların iştirakı olmadan müqavilə bağlanıla bilməz və ya o, öz əhəmiyyətini itirər və realizə oluna bilməz. Məsələn, nüvə silahının yayılmaması haqqında müqavilənin, kosmik məkanın rejimi haqqında müqavilənin zəruri iştirakçıları, müvafiq olaraq, nüvə dövlətləri və kosmik fəaliyyəti həyata keçirən dövlətlərdir. 1968-ci il nüvə silahlarının yayılmaması haqqında Müqavilədə qeyd olunur ki, bu Müqavilə nüvə dövlətləri olan depozitar-dövlətlər və 40 başqa dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir.

Mühüm iştirakçılar – bu elə dövlətlərdir ki, müqavilənin səmərəliliyi onların iştirakından asılıdır. Bu kateqoriyanın əhəmiyyəti adətən müqavilənin özündə birbaşa qeyd olunur. Məsələn, 1944-cü il beynəlxalq mülki aviasiya haqqında Konvensiyada vurğulanır ki, İKAO-nun Baş Assambleyasının üzvlərinin seçilməsi zamanı «hava məkanında aparıcı rol oynayan dövlətlərin» nümayəndəliyi təmin olunmalıdır.

Arzu olunan iştirakçılar – bu elə dövlətlərdir ki, onların iştirakı olmadan belə müqavilə öz məqsədlərini realizə etmək iqtidarına malikdir, lakin onların iştirakı onun səmərəliliyinə köməklik göstərə bilər.

Mümkün iştirakçılar – bu elə dövlətlərdir ki, müqavilədə iştirakı mümkündür, lakin onlar müqavilənin səmərəliliyinə əhəmiyyətli təsir göstərə bilmirlər.

Arzu olunmayan iştirakçılar – bu elə dövlətlərdir ki, onların iştirakı müqavilənin səmərəliliyinə neqativ təsiri var, bununla belə, onun məqsədlərinə çatmağa maneə ola bilməz. Mümkün olmayan iştirakçılar – bu elə dövlətlərdir ki, onların iştirakı müqavilənin məqsədlərinə nail olmanı mümkünsüz edə bilər.