Beynəlxalq müqavilələr hüququ/Beynəlxalq müqavilələrin bağlanması

../ Beynəlxalq müqavilələr hüququ

../


Beynəlxalq müqavilənin bağlanması müəyyən mənada bir-birini tamamlayan bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir: Bu mərhələlər aşağıdakılardır: 1.Beynəlxalq müqavilə mətninin tərtib olunması və qəbulu. 2. Beynəlxalq müqavilə mətninin autentikliyinin (həqiqiliyinin) müəyyən olunması. 3. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın ifadə olunması.

Müqavilənin bağlanması prosesi hüquqi tənzimlənmə nöqteyi nəzərdən həm beynəlxalq hüquqi, həm də dövlətdaxili hüquqi prosedurlara əməl olunmasını şərtləndirir (məsələn, dövlət nümayəndəsinə müqavilə mətninin hazırlanması və imzalanması prosesində iştirakına səlahiyyət verən vəkalətnamənin verilməsi, səlahiyyətin yoxlanılması, müqavilənin autentikliyinin yoxlanılması və s.).

Dövlətlər arasında müqavilələr onların səlahiyyətli nümayəndələri tərəfindən bağlanır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda qeyd olunan ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd – səlahiyyəti təsdiq edən vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxsləri vardır ki, onlara ex officio – yəni vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir. 1969-cu il Konvensiyasının 2-ci maddəsinə görə, həmin vəzifəli şəxslər dairəsinə: 1) dövlətlərin başçıları; 2) hökumətlərin başçıları; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçıları və 5) dövlətlərin beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlardakı nümayəndələri.

Məsələn, AR Prezidenti konstitusion statusuna görə dövlətin ali diplomatı olmaqla, AR adından istənilən dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlamaq səlahiyyətinə malikdir.

Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduğu dövlət arasındakı müqavilənin, beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.

1986-cı il Vyana Konvensiyasının 7-ci maddəsinin müəyyənliyinə görə, beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanması üçün həmin təşkilatın qaydalarına əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur.

Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyət kəsb etmir.

İkitərəfli müqavilələrin bağlanması zamanı danışıqların iştirakçıları bu danışıqların aparılması üçün səlahiyyət mübadiləsini həyata keçirirlər; çoxtərəfli müqavilələrin bağlanması zamanı isə səlahiyyətin yoxlanılması məqsədilə xüsusi komissiya yaradılır. Səlahiyyətdən başqa, dövlətlərin nümayəndələri danışıqlarda nümayəndə heyətinin davranışını müəyən edən xüsusi təlimat ilə də təmin olunurlar.Təlimat müqavilənin milli lahiyəsi, nümayəndə heyətinin daxili müqaviləsidir. Beynəlxalq müqavilənin bağlanmasının birinci məcburi mərhələsi – müqavilə mətninin tərtib olunması və qəbuludur. Beynəlxalq praktikada müqavilə mətninin hazırlanması formaları qismində 1) danışıqlar; 2) beynəlxalq konfranslar və 3) beynəlxalq təşkilatlar çıxış edir.

Diplomatik danışıqlara, bir qayda olaraq, ikitərəfli müqavilələrin bağlanması zamanı müraciət olunur. Müasir dövrdə beynəlxalq konfranslar və beynəlxalq təşkilatlar çoxtərəfli müqavilələrin bağlanmasının əsas üsulu hesab olunur və müqavilənin mətni konsensus proseduru əsasında – yəni iştirakçılardan heç birinin etirazı olmadıqda səsvermə keçirilməməklə qəbul olunur.

Beynəlxalq müqavilənin bağlanmasının ikinci mərhələsi müqavilə mətninin müəyyən olunması və ya autentifikasiyasıdır (əslinə uyğunluq, həqiqilik). Bu odeməkdir ki, beynəlxalq müqavilənin mətni son və qəti variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz.

Müqavilə mətninin autentifikasiyası üç yolla həyata keçirilir.

  • 1) paraflama (inisial qoyma) – müqavilə mətninin hər səhifəsində vəkalətli şəxsin razılıq əlaməti kimi öz inisialını qoyması. Paraflamaya əsasən ikitərəfli müqavilələrin və ya məhdud saylı iştirakçıları olan müqavilələrin bağlanması zamanı müraciət olunur.
  • 2) ad referendum imza atma (şəti imza atma) – bu qaydada qoyulmuş imza hələ bundan sonra səlahiyyətli dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır.

Ad referendum imza atmanı paraflamadan fərqləndirən şərt ondan ibarətdir ki, səlahiyyətli dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olunduqdan sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur; paraflamadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.

  • 3) imzalama – o zaman müqavilə mətninin autentifikasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya olunmalıdır.İmzalama müqaviləni imzalamış dövlət üçün müəyyən hüquqi nəticələr doğurur. 1) həmin müqaviləni təsdiq etmək hüququ əldə edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır.

Vyana konvensiyalarına görə, hansı autentifikasiya üsulunun seçilməsini müqavilə tərəfləri üzləri müəyyən edirlər.