Beynəlxalq müqavilələr hüququ/Beynəlxalq müqavilənin anlayışı, əlamətləri, obyekti və məqsədi

../ Beynəlxalq müqavilələr hüququ

../


Beynəlxalq müqavilə - beynəlxalq hüququn iki və ya daha artıq subyektləri arasında onların publik-hüquqi münasibətlərinin hər hansı bir sahəsində bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən, dəyişdirən və ya ləğv edən beynəlxalq hüquqla nizama salınan sazişdir. Beynəlxalq müqavilələr hüququnun mənbəsi hesab olunan hər iki Konvensiya isə öz məqsədləri baxımından beynəlxalq müqaviləyə bir qədər başqa cür konvension tərif verir. Belə ki, hər iki Konvensiyanın 2-ci maddəsinə görə: beynəlxal müqavilə - dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki və yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir.

Beynəlxalq müqavilə növ anlayışı olmaqla traktat, pakt, akt, müqavilə, konvensiya, saziş, bəyənnamə, protokol, nota mübadiləsi, statut və s. adlar kimi adlana bilər.

Verilən konvension tərifə əsaslanmaqla beynəlxalq müqavilənin aşağıdakı əlamətlərini qeyd etmək olar:

  • 1. Hər iki Konvensiya öz fəaliyyətini yalnız dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanan beynəlxalq müqavilələrə şamil edir.Bu o deməkdir ki, sözügedən konvensiyaların müddəaları şifahi sazişlərə (centlmen sazişləri) və milli hüquqla nizama salınan müqavilələrə (məsələn, kommersiya razılaşmalarına) bilavasitə tətbiq olunmur;
  • 2. Beynəlxalq müqavilə beynəlxalq hüququn subyektləri arasında bağlanılan və beynəlxalq hüquqla nizama salınan könüllü razılaşmadır;
  • 3. Beynəlxalq müqavilənin hüquqi mahiyyəti və hüquqi təbiətini tərəflərin razılaşdırılmış iradə ifadəsi, daha dəqiq razılığı təşkil edir;
  • 4. Tərəflərin həmin razılaşma vasitəsilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi öhdəliklər yaratmaq niyyətinin olması.
  • 5. Beynəlxalq müqavilənin BMT Katibliyində qeydiyyata alınması. Qeydiyyata alınmayan beynəlxalq müqavilə beynəlxalq hüququn subyektləri tərəfindən sübutetmə aləti qismində istifadə oluna bilməz.

Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Beynəlxalq müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır.Məsələn, AR və Pakistan İslam Respublikası arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş.

Onu da vurğulamaq lazımdır ki, tərəflərinin müraciət etdiyi müqavilənin obyekti beynəlxalq hüquqla qadağan olunan obyekt olmamalıdır. Məsələn, beynəlxalq qaydaları heçə endirən qadın və uşaqların satılması haqqında, narkotik və psixotrop maddələrin göndərilməsi haqqında beynəlxalq müqavilələr bağlamaq olmaz.

Müqavilənin məqsədi – isə müqaviləni qəbul edən dövlətlərin (və ya beynəlxalq təşkilatların) nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi və ya məqsədləri, bir qayda olaraq, müqavilənin prambulasında və yaxud müqavilənin ilk maddələrində ifadə olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin qəbul olunmasının məqsədləri bəyan olunmuşdur.