Cümlə/Sadə cümlənin növləri/Təktərkibli cümlələr

../ Cümlə/Sadə cümlənin növləri

../

Baş üzvlərdən biri əsasında qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir. Təktərkibli cümlələr iki növə ayrılır: 1) Xəbər əsasında formalaşanlar; 2) Mübtəda əsasında formalaşanlar. cüttərkibli cümlələr kimi, təktərkibli cümlələr də müxtəsər və geniş olur.

1) Xəbər əsasında formalaşan təktərkibli cümlələr. Xəbər əsasında, yə'ni mübtədanın iştirakı olmadan formalaşan təktərkibli cümlələr aşağıdakılardır:

a) Şəxssiz cümlə . Qrammatikada şəxs dedikdə mübtəda nəzərdə tutulur. Mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-müm-kün olan təktərkibli cümlələrə şəxssiz deyilir. Şəxssiz cümlələrin xəbəri həmişə III (üçüncü) şəxsin təkində olur. Məsələn: Səhərdir. (müxtəsər cümlə). Əsmərə Qulunun yazığı gəldi. (geniş cümlə). Məktublara diqqətlə baxıldı. Şəxssiz cümlələrin xəbəri həm nitq hissələri, həm də fe'li fra-zeoloji vahidlərlə ifadə olunur. Məs: Səssizlikdir. Nərimanın həyəcandan rəngi qaçmışdı.

b) Qeyri-müəyyən şəxsli cümlə. Hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən təktərkibli cümlələrə qey-ri-müəyyən şəxsli cümlə deyilir. Məsələn: Bizi hərbi hissəyə gətirdilər. Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. sözlər işlənir və belə cümlələrdə icraçı qeyri-müəyyən deyil, qeyri-real olur. Məsələn: Sanki (elə bil, deyəsən və s.), Qəmərin başına bir vedrə qaynar su tökdülər. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III (üçüncü) şəxsin cəmində olur. Xəbərdəki şəxs şəkilçisinə əsasən, qeyri-müəyyən şəxsli cüm-lələrdə mübtəda kimi onlar sözünü artırmaq olar, lakin konkret mə'na ifadə edə bilmədiyindən həmin sözün artırılması düz-gün deyil. Məs: Onu nahaq yerə gözdən salıblar – Onlar onu nahaq yerə gözdən salıblar və s.

c) Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zaman-da hamıya aid olduğunu bildirən təktərkibli cümlələrə ümumi şəx-sli cümlə deyilir. Məsələn: Palaza bürün, elinən sürün. Əvvəl dü-şün, sonra danış. Bu cümlələrin xəbəri II şəxsin təkində olsa da, iş, hadisə, hökm təkcə II şəxsə deyil, hamıya – hər üç şəxsin təkinə, həm də cəminə aiddir. Ümumi şəxsli cümlələrin xəbəri III şəxsin cəmində olan qeyri-müəyyən şəxsli cümlələrdən fərqli olaraq bu cümlələrdə işin icrası bir və ya bir qrup qeyri-müəyyən şəxsə deyil, hamıya, bütün şəxslərə aid olur. Məsələn: Onu e'zamiyyətə göndərdilər (qeyri-müəyyən şəxsli cümlə). Pilləkanı pillə-pillə qalxarlar (ümumi şəxsli cümlə) və s. Ümumi şəxsli cümlələr ümumiləşmiş mə'nalar ifadə edir. Ona görə də belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən ibarət olur. Məsələn: Əvvəl arxı tullan, sonra bərəkalla de. İşləməyənə tənbəl deyərlər və s. Qeyd: Təktərkibli cümlələr də cüttərkibli cümlələr kimi təhlil olunur. Ancaq əvvəlcə onun mübtəda və ya xəbər əsasında əmələ gələn təktərtibli cümlə olduğunu qeyd etmək lazımdır.

2. Mübtəda əsasında formalaşan təktərkibli cümlələr. Adlıq cümlə mübtəda əsasında formalaşan təktərkibli cümlədir. Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən təktərkibli cümlələrə adlıq cümlə deyilir. Məs: Qışın ortaları… Axşam… Yenə həmin yer… və s. Adlıq cümlələr vasitəsilə hər hansı bir hadisənin danışılan vaxtda mövcud olduğu bildirilir, lakin həmin hadisə haqqında əlavə məlumat və ya hökm verilmir. Adlıq cümlələrdə baş üzv (mübtəda) isimlə, ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələr də müxtəsər və ya geniş olur. Məs: cəbhə bo-yu. Çöl. Sükut (müxtəsər). Dağın ətəyində gözəl bir ev. Ön tərəfdə bir hovuz (geniş).

3. Bütöv və yarımçıq cümlələr. Bütöv cümlələrdə fikrin ifadəsi üçün lazım olan bütün üzvlər iştirak edir. Məsələn: Zavodun direktoru iclasa gecikmişdi. Atlar yəhərlənmişdi. Dilimizdə elə cümlələr də var ki, onların bir və ya bir neçə üzvü buraxılmış olur. Məsələn: Bişirdiyin nədir? – Düyü. – Nə istəyirsən xala? – Oğlumu və s. Bu tipli cümlələr yarımçıq cümlə adlanır. Bir və ya bir neçə üzvü buraxılan, lakin asanlıqla bərpa edilən cümlələrə yarımçıq cümlələr deyilir.

Yarımçıq cümlələrdə buraxılmış üzvləri (həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər buraxıla bilər) əvvəlki cümlələrin köməyi ilə asanlıqla bərpa etmək olar. Məsələn: Bu oğlan kimdir? – Mənim dostumdur. Bunu kim deyir? – Mən. Misal göstərilən cümlələri aşağıdakı şəkildə asanlıqla bərpa etmək olar. Bu oğlan mənim dostumdur. Bunu mən deyirəm.

Yarımçıq cümlələrdən daha çox dialoqlarda istifadə olunur.

Qeyd: Yarımçıq cümlələr də bütöv (cüttərkibli və təktərkib-li) cümlələr kimi təhlil edilir. Bütöv cümlələrdən fərqli olaraq, belə cümlənin yarımçıq olduğunu və məhz hansı üzvlərin buraxıldığını göstərmək lazımdır.