DOS/DOS əməliyyаt sistеminin strukturu

< DOS
DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •

DOS (Disk Operating System- Disk Əməliyyat Sistemi) disklə işləməyi, informasiyanı və özünü diskdə saxlamağı nəzərdə tutan əməliyyat sistemidir. O, x86 platformasında çalışır və 16 bitlidir.

DOS-un nüvəsi. DOS əsasən üç fayldan-

COMMAND.COM,

IO.SYS və

DOS.SYS (Misrosoftun əməliyyat sistemində isə- MSDOS.SYS) faylarından ibarətdir.

Bu üç fayl DOS-un nüvəsini təşkil edir.

IO.SYS periferiya qurğularını (BIOS-un köməyi ilə), DOS.SYS (və ya MSDOS.SYS) isə diskdə fay sistemini idarə etməyə xidmət edir. DOS-un nüvəsi monolit nüvə tipinə aiddir. O, işə düşərkən INT 21h kəsilməsini fayl əməliyyatları məqsədilə sistem servisi kimi qurur. Məhz BIOS-un bu kəsilməsi DOS-da fayl əməliyyatlarını yerinə yetirir.

COMMAND.COM- DOS-un istifadəçi interfeysi, əmr prosessoru və ya əmr interpretatoru adlanır. Bu proqramın vəzifəsi istifadəçi əmrlərini yerinə yetirmək və ümumiyyətlə DOS-a məxsus istifadəçi interfeysini təşkil etməkdir. DOS-un istifadəçi interfeysi mətn istifadəçi interfeysidir və əmr sətri şəklindədir.

COMMAND.COM iki hissədən ibarətdir: rezident və tranzit hissə. Operativ yaddaşa qənaət etmək üçün tətbiqi proqram işlərkən COMMAND.COM-un çox kiçik bir hissəsi operativ yaddaşda saxlanılır və yaddaşda tətbiqi proqram üçün daha çox yer ayrılmış olur. COMMAND.COM-un bu hissəsinə rezident hissə deyilir və onun vəzifəsi tətbiqi proqram bitdikdən sonra COMMAN.COM-u yenidən yükləmək və əmr prosesorunun işini bərpa etməkdir. COMMAN.COM-un yaddaşdan pozulan və tətbiqi proqram bitdikdən sonra yenidən yüklənən hissəsi isə onun tranzit hissəsini təşkil edir.

DOS-da əmrləri iki qismə ayırmaq olar. Bunlardan birbaşa COMMAND.COM tərəfindən icra olunanlara daxili əmrlər və diskdən proqram olaraq yüklənən əmrlərə isə xarici əmrlər deyilir. İstənilən icra olunan proqram DOS üçün xarici əmrdir. DOS-da icra olunan proqramların uzantısı mütləq .EXE və ya .COM olmalıdır. Prinsip etibarilə bunların hər ikisi maşın kodlarından ibarət fayllardır. Lakin, .COM faylların uzunluğu 64 KB-ı aşa bilməz. Bu tip proqramlar yaddaşda yalnız bir seqmentdən istifadə etdiyindən onların diskdən yaddaşa yüklənməsi və yaddaşda yerləşməsi daha sadədir. Buna görə də .COM uzantılı proqramlar daha çevik icra olunur (yüklənir). Adətən kiçik utilitlər, o cümlədən də DOS-un əksər utilitləri bu cür struktura malik olurlar.

.EXE uzantılı proqramlar üçün ölçü məhdudiyyəti yoxdur. Bu tip proqramlar yaddaşda iki və daha artıq seqmentdə yerləşə bilərlər. .EXE proqramlarının yüklənməsi zamanı operativ yaddaşda düzgün yerləşməsini proqramın əvvəlində idarəedici kodların olması təmin edir. Buna görə də bu tip proqramlar nisbətən ləng yüklənirlər.

DOS-da .SYS uzantılı fayllar əlavə qurğu drayverləridir. Əlavə drayverlərin sistemə qoşulması üçün mətn formatlı CONFIG.SYS faylından istifadə olunur. kompyuteri işə salarkən COMMAND.COM ilk növbədə CONFIG.SYS faylını təşkil edən əmrləri icra edir. CONFIG.SYS faylında qurğu drayverini yükləmək üçün istifadə olunan DEVICE əmridir. Məsələn, DEVICE= DRIVER.SYS sətri cari diskdən DRIVER.SYS faylının yüklənməsini təmin edəcək. DOS-da faylların adı maksimum 8, onun uzantısı isə 3 simvoldan ibarət ola bilər.

.BAT faylları. Qeyd olunduğu kimi istifadəçi DOS-da kompyuteri əmrlər (Məsələn, DIR- cari direktoriyada faylların siyahısını göstərir və ya CD- cari direktoriyanı dəyişir) vasitəsilə idarə edir. Bu cür istifadəçi interfeysi heç də səmərəli sayıla bilməz. DOS-un istifadəçi interfeysinin səmərəliyinin artırılması üçün əmrlər paketindən istifadə etmək imkanı var. Əmrlər paketi uzantısı .BAT (Batch- paket sözündən) olan hər bir sətri bir əmr olan mətn (ASCII) formatlı fayldır. .BAT faylının icra edilməsi onun içərisindəki əmrlərin icra olunması deməkdir. .BAT faylları əmrlərin dövrü olaraq təkrarlanmasına da imkan verir. Bunun üçün şərt və keçid operatorlarından istifadə olunmalıdır.

AUTOEXEC.BAT faylı. kompyuteri işə saldıqda COMMAND.COM yüklənən diskin kökündə yerləşən AUTOEXEC.BAT faylını avtomatik olaraq işə salır. AUTOEXEC.BAT faylı məzmununa görə adi .BAT faylıdır. Lakin DOS üçün bu ad "tanınır" və o yüklənərkən avtomatik bu faylın icrasını həyata keçirir. Qeyd etmək lazımdır ki, DOS-da drayverlər yalnız .SYS uzantısı ilə deyil .EXE və .COM proqramları şəklində də ola bilərlər. Sonuncular AUTOEXEC.BAT faylı vasitəsilə avtomatik yüklənirlər.