Daşkəndim (2014)
Müəllif: Sərraf Şiruyə

Könlümü viran etmisən,
Könlü yaralı Daşkəndim.
Qaçqın, köçkün eli kimi,
Bəxti qaralı Daşkəndim.

Əhd elədik hər oynunda,
Əhdimiz qaldı boynunda.
Doğulduq sənin qoynunda,
Olduq haralı Daşkəndim?

Nur verən yox çırağına,
Əl atan yox bucağına.
Küsüb Seyid ocağına,
Gəlmir maralı, Daşkəndim.

Xanimanlar boş qalıb,
Ocaq sönüb, daş qalıb.
Yad sənə sirdaş qalıb,
Eldən aralı Daşkəndim.

Qoynundan bir daş gətirdim,
Təsəlli, sirdaş gətirdim,
Yanağımda yaş gətirdim,
Çəkdim zavalı, Daşkəndim.

Hər bucağın bir məbəddir,
Hər daşın bir ziyarətdir.
Yer üzündə bir cənnətdir,
Göyçə mahalı, Daşkəndim.

İlham alan sözdən, sazdan,
Xoş söhbətdən, xoş avazdan.
Hər ismətli gəlin, qızdan,
Üzü həyalı Daşkəndim.

Hüsnünü kim görsə əgər,
Sənə cənnət məkan deyər.
Qayası sərt, dağı ləngər,
Səngər, qalalı Daşkəndim.

Dururmu o səcdəgahlar?
O məbədlər, o ocaqlar?
Nəğmə deyirmi bulaqlar?
Zövqü-səfalı Daşkəndim.

Hanı, ərənlərin hanı?
Kim tutubdu o meydanı?
Şiruyənin nəfəs, canı,
Qəmi, məlalı Daşkəndim.
2014-cü il