Dini plüralizmin əsasları

Dini plüralizmin əsasları.
Bu kitab Dini plüralizmin əsasları haqqındadır.

Mündəricat redaktə

Giriş

Biz fərqli mədəniyyətlər və sivilizasiyaların zühur etdiyi əsrdə yaşayırıq. Yeni əsrin ən qabarıq xüsusiyyətlərindən biri də məhz budur. Bu gün insanlar planetin ən ucqar nöqtələrinə səyahətə çıxır, fərqli adət- ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyatın bütün sahələri kimi dini inanc sahəsi də rəngarəngliyi ilə insan üçün adiləşmişdir. Bu gün insan təfəkkürünü nisbiliyin kuliminasiya nöqtəsində bilsək, yanılmarıq. Müasir postmodernist filosoflardan olan Jak Derrida (1930-2004) postmodernizm dövrünün ən əsas cəhətini onun tam şəkildə nisbiliyi təbliğ etməsində görür. J.Derridanın fikrincə, müasir təfəkkürə əsasən hazırki dövrədək yaxşı və pis adlandırdığımız anlayışları daha bu adla hissələrə bölə bilmərik. Postmodern sistem hər hansı predmetə birmənalı münasibət bildirməyi mənasız hesab edir. Öncədən pis adlandırılan insanlar və onların çirkin əməlləri indi normal təqdim olunur və hətta qürurlanmaq hüququ qazanır. İnsanların aksiom kimi təsdiq etdikləri qayda- qanunlar bu qədər nisbiliyə məruz qalırsa, dini inanc və ayinlərin vəziyyəti tam aydındır.

Dini plüralizmi və onun arqumentlərini daha dəqiq və aydın başa düşmək üçün digər iki termini qısa icmalla burada izah edirik:

İnklüzivizm (Qlobal və ya Şümullu baxış) redaktə

İnklüzivizm (inclusivism) dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biridir. İnklüzivizm yalnız bir dinin həqiqət, digər dinlərin isə qismən həqiqət olduğunu, yaxud həqiqət olmasalar belə, onların ardıcıllarının əbədi qurtuluşa nail olmasının mümkünlüyünü iddia edən yanaşmadır. İnklüzivistlərə görə, yalnız bir haqq din var. Dinlərin son qayə haqqında müddəaları doğru və yalan ola bilər, ziddiyyətli müddəaların bütünlüklə doğru olması qeyri-mümkündür. Deməli, bəziləri doğru, bəziləri isə yanlışdır. Mütləq həqiqət var və o vahiddir. Yalnız tək din mütləq haqqın daşıyıcısı ola bilər. Həqiqi nicat yolu da həmin haqq dindir. Buna baxmayaraq, digər dinlərin ardıcılları da müəyyən miqdarda ilahi qurtuluşa nail ola bilər. Əsas yol birdir, digər yollar isə əsas yola yaxınlaşdıqca həqiqətdən yararlanırlar, həmin yolların doğru ardıcılları da qurtuluş əhlidir. (İzahlı dini terminlər lüğəti, Azərbaycan İlahiyyat İnstitutu, Bakı, səh.147)

İnklüzivizmi qlobal baxış kimi də izah etmək olar. Dini inanc sisteminə qlobal çərçivədən baxanlar iki asas suala cavab vermək əzmindədirlər. Onlar öncə mütləq və vahid həqiqətin olmasını araşdırır, sonra isə digər dinlərə sitayiş edənlərin səadətə çatmaq ehtimalını müəyyənləşdirmək istəyirlər. Qlobal baxışlı filosoflar inhisarçılar kimi səadət yolunun yalnız bir dində xülasələndiyini bildirirlər. Lakin inhisarçılardan fərqli olaraq bu yolu tutanlar digər dinlərə mənsub olanların öz dinlərindəki qanunlara sadiq qalmaqla səadətə çata biləcəyinə inanırlar. Digər tərəfdən, inklüzivist nəzəriyyə daşıyıcıları plüralistlərin görüşlərinə uyğun olaraq ilahi mərhəmətin müxtəlif dinlərdə cilvələnməsinə inanırlar. Deməli, qlobal baxış inhisarçı baxışdan fərqli olaraq, yeganə dinin haqq din olmasını iddia etsə də, digər dinə pərəstiş edənlərin xoşbəxt olmasını istisna etmir.

Karl Rayner (1904-1984) kotolik ilahiyyatçısıdır. Ona görə, insanlar yalnız vahid inanc sayəsində xoşbəxt ola bilərlər. Xristianlıq vahid dindir va başqa bir dinə bağlanmaqla səadətə nail olmaq mümkünsüzdür. Bəli Allah bütün insanların xoşbəxtliyini istəyir. Elə bu səbəbdən də tarixi baxımdan xristianlıq ətrafında yaşayanları da ilahi varlıqla təmas yaratmağa dəvət etmiş və onlara xoşbəxtlik imkanını yaratmışdır. Bunun üçün maraqlı nümunədən istifadə edir. Fərz edək bir şəhərdə bir neçə yoxsul insan yaşayır. Onlar öz gəlirləri ilə borclarını ödəyə bilmirlər. Başqa bir şəhərdə yaşayan varlı bir şəxs onların acınacaqlı vəziyyətindən xəbər tutur və onların bank hesabına külli miqdarda pul köçürür. Yoxsullar borclarını öz gücləri ilə ödəyə bilmədiklərindən saxavətli şəxsin köməyi onların ağır həyat şəraitinin yaxşılaşmasında çox vacib amildir. Eyni zamanda həmin xeyirxah şəxslə tanışlığın onların bu vəziyyətdən qurtarmasında heç bir rolu yoxdur. Onlar xeyirxah şəxsi tanımırlar. Lakin onun səxavəti sayəsində borclarını ödəyir və hayat səviyyələrini yaxşılaşdırırlar. K.Rayner qeyd edir ki, tarixi baxımdan xristianlıq dini İsa Məsihlə başlasada, xristianlıqdan əvvəlki dövrdə yaşayan insanlar, yəni yəhudilər və başqa dinlərə sitayiş edənlər öz əqidələrinə sadiq qaldıqları üçün nicat əhli hesab olunurlar. Xristianlıqdan öncə yaşayan dindarlar səadət əhli hesab olunurlarsa, xristianlıqdan sonrakı dini təriqətlərin də insanları səadətə aparması məntiqə uyğundur. Əgar Allah insanları xoşbəxt etmək əzmindədirsə bütün dinlərə sitayiş edan həqiqi möminlərin ilahi xoşbəxtliyə çatacağı məntiqli görünür. K.Rayner belə dindarları "adsız xristianlar" adlandırır. Çünki xarici şəkildə xristian dininə mənsub olmasalar da, həqiqətən sitayiş edir və iman bəsləyirlər. Xristianlıq xalis va həqiqi din kimi qəbul edildiyi halda digər dinlərə aid insanları nicat əhli hesab etsək, bu vaxt qeyri-xristianlar öz dinlərində qalmağa haqlıdırlarmı? Bu irada K.Rayner belə cavab verir: "Dini etiqad və iman təkcə daxili proses deyil. Bundan əlavə dini əqidənin ictimai təzahürü var. Hər bir dinin ictimai cəhəti onun şəriət qanunlarında cilvələnmişdir. Müxtəlif dinlərin hər biri həqiqəti müəyyən həddə əks etdirdiyi kimi onların özünəməxsus şəriət qanunları var. Həmin dinlərin ictimai qanunlarına riayət edən insanlar da ilahi mərhəmətə çatacaqlar. Hərçənd, bu mərhəmətin kamil dərəcəsi xristian dinində təzahür etmişdir".(Yenə orada, s.415-417)

Məhz burada K.Raynerin fikirlərini dəyərləndirmək yerinə düşər. K.Raynerin nəzəriyyəsinə görə, digər dinlərə inanan insanlar səadət imkanı qazansalarda, ilahi mərhəmətin tam forması yalnız xristian dinində olanlara şamil edilir. Belə olan halda başqa dinlərə mənsub olanlar da eyni əqidə ilə çıxış edə bilərlər. Nümunə üçün, müsəlman mütəfəkkir yalnız İslam dininə iman gətirən şəxsin kamillik dərəcəsinə çatmasına inanar və digər dinlərin sadiq insanlarını adsız müsəlman adlandırar. Bu zaman müxtəlif dinlərdən birini seçmək zorunda qalan şəxs nə etməli və hansı meyarla öz dinini doğru sayıb ona etiqad bəsləməlidir? Nəticədə, K.Raynerin təklif etdiyi format problemi həll etmir, hətta onu bir addım geri aparır. K.Rayner digər dinlərdə olan insanları bədbəxt qələmə verməsə də nəhayətdə xristianlıq dinini kamil din hesab edir.

Nə üçün yalnız xristian dini İlahi varlığın təzahürüdür? Bu suala müxtəlif cavablar verilmişdir:

Bəzi tədqiqatçılar bu həqiqətə çatmaq üçün müxtəlif dinlərdəki din öndərlərinin, yəni həmin dini gətirən şəxsin hayat və yaradıcılığını mütaliə edib araşdırmağı lazım bilirlər. Lakin bu təklif ilk baxışdan çox çətin və mümkünsüz görünür. Hər bir dinin ərsəyə gəlməsindən bir neçə əsr keçmişdir. Uzun müddət həyat yolu keçən dinlərin gətiriciləri haqda araşdırma aparmaq, tarixi arqumentləri tam diqqətlə yoxlamaq sonra bu yolla dinlər barədə rəy vermək olduqca mürəkkəb bir işdir. Deyə bilərik ki, bu təklifin gerçəkləşməsi kütlənin imkan daxilində deyil.

Digər mütəfəkkirlər hesab edirlər ki, hər hansı bir dinin kamillik dərəcəsini müəyyənləşdirmək üçün həmin din təlimləri nəticəsində yaranan və formalaşan sivilizasiyanı nəzərdən keçirmək lazımdır. Yəni tədqiq etdiyimiz dinin əsrlər boyu ərsəyə gətirdiyi mədəniyyət toplusu düzgün istiqamətdədirsə, bu din əsl, həqiqi dindir. Əks təqdirdə həmin dinin yanlış din olduğu aşkarlanacaq. Amma bu təklifi də qəbul etmək çətindir. Çünki hər bir dinin cərəyan etdiyi cəmiyyətdə bu dini zəiflədən və ya əksinə, gücləndirən hadisələr va amillər olmuşdur. Dinin düzgünlüyünü ona sitayiş edən insan cəmiyyətindəki hadisələrlə yoxlamaq rasional düşüncəyə uyğun gəlmir.

Bəs nə etməli? Bizim qənaətimizə görə, din seçimi məsələsində yalnız bir yolumuz var. Biz hər bir dinin əsasını və onun sosial qayda-qanunlarını ehtiva edən təlimlərini bir yerə toplamalı, onların hər birini tam rasional şəkildə araşdırmalıyıq. Din inam və ayinlərdən təşkil olunmuşdur. İslam dini də bu iki təlimə əsaslanır. Biz əvvəlcə əqidəyə aid məsələləri tam rasional üsullarla təklif etməli, sonra etiqad məsələlərinə əsaslanan şəriət qanunlarını fəlsəfi baxımıdan araşdırmalıyıq. Biz inanırıq ki, dinlərin bu çərçivədə təhlili sayəsində İslam dinini ən üstün və məntiqli din hesab edəcəyik Araşdırmalar göstərir ki, heç bir din İslam qədər rasional və tarixi sübutlara əsaslanmır. Bunun əsas səbəbi İslam dininin dəqiq və yazılı tarixidir. İslamın mühüm tarixli hadisələri də tarixi sənədlərdə mövcuddur. Hazərda heç bir din İslam qədər dəqiq və təhrif olunmamış müqəddəs kitaba malik deyil. İndi isə başqa bir irada cavab verməliyik. Burada hazırda təklif etdiyimiz baxış inhisarçıların görüşlərindən fərqlənirmi? İlk baxışda bu fərq gözə dəymir. Dinə məhdud çərçivədə baxanlar da yalnız bir dini qəbul və digər dinləri rədd edirdilər. Biz də burada təkcə İslam dinini həqiqi meyarlara uyğun hesab etdik. Belədirsə, görüşlərini tənqid etdiyimiz inhisarçılardan hansı faktorlarla fərqlənirik?

Qeyd etmək lazımdır ki, dinin etiqad prinsiplərində İslam kifayət qədər torelant ünsürlərə malikdir. İnsanların əbədi xoşbəxtliyi sadə və əhəmiyyətsiz bir məsələ deyil. İnsan əqli və onun normal düşüncəsi bunu qəbul edə bilmir ki, çox mərhəmətli Rəbbimiz insanların yalnız az bir hissəsini səadətə çatdırsın (cənnətə daxil etsin yerdə qalan və çoxluq təşkil edənləri isə cəhənnəm odunda yandırsın). Digər tərəfdən insanlar müxtəlif həyat şəraitlərində dünyaya göz açır, təlim və tərbiyə alır, öz cəmiyyətinin adət-ənənəsinin və bütövlükdə mədəniyyətinin varisi olur. Bəzən insanlar həqiqətə çatmaq və həqiqi yolu tanımaq imkanından məhrum olurlar. Bu vaxt hansı rasional meyara uyğundur ki, mehiriban Allah onları hətta tanıya bilmədikləri dinə etiqad etməyə məcbur etsin? Hər bir insanın dünyagörüşü onun vəzifəsi, elmi bacarığı və azadlığı ilə müəyyənləşir. Bu üç anlayış insan həyatının necə müəyyənləşməsində mühüm rol oynayır. İslam dünyasında müsəlman ata-anadan doğulan və dini şəraitdə yaşayan, öz ixtiyarı ilə bizim dini seçən insan və bu yolla yüksək mənəvi zirvələri fəth edən şəxs, dini mədəniyyətdən uzaqda dünyaya gələn və ateist mühitdə yaşayan insanla bir tərəziyə qoyula bilərmi? Belə insanlar həqiqətən Allahın kamil dini olan İslamdan xəbərsiz yaşamışlarsa, lakin vicdanın, əqlin və saf daxili mənəvi dünyanın qanunlarına sədaqətli olmuşlarsa, xoşbəxt həyata qovuşmaları istisna edilmir. Deməli, inklüzivizm nəzəriyyəsini müəyyən mənada qəbul etmək olar. Belə ki, doğru yol birdir. İnsanlar bu yola vəfalı olduqları qədər səadət və qurtuluşa çata bilərlər. Şübhəsiz, haqq yolunu tanıyan və onun qanunlarını icra edən şəxslər ən yüksək səadətə nail olacaqlar.

Eksklüzivizm (İnhisarçı baxış) redaktə

Başqa dinlərin hər hansı biri müəyyən miqdarda həqiqətə malik olsalar da, təkcə bir din səadət yolunu göstərə bilər. Beləliklə, digər dinlərə pərəstiş edənlər etik baxımından doğru yolda olsalar da, öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz bəşəriyyətin qurtuluşu üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Məhz bu inanca görədir ki, insanlar mənsub olduqları dini yüksək maraqla təbliğ edirlər. Eksklüzivistlər öz inanclarını sübut etməyə çalışırlar. Onlardan bir çoxunun fikrincə səadət və xoşbəxtlik yalnız Tanrının insanlara mərhəmətindən asılıdır. Bu səbəbdən ilahi mərhəmətin harada təzahür etdiyini bilməliyik. Bizə qurtuluş bəxş edən ilahi mərhəmətin hansı dində zühur etdiyini bildikdən sonra səadət ardınca başqa dinlərin sorağınca getmək mənasız görünər. Protestant ilahiyyatçı Karl Bart (1886-1968) inhisarçı fikirlərlə çıxış edən ilahiyyatçılardan biridir. Onun bu mövzuda sübutları tamamilə xristian ilahiyyatından qaynaqlanır. K.Bart bildirir ki, şəriət və ilahi təzahür bir-birinə zidd olan iki anlayışdır. Şəriət insanın günahkar olub-olmaması üçündür. İlahi təzahür isə Allaha məxsusdur. Lovğa insan şəriət vasitəsilə qeyri-mümkün bir istəyə çatmaq niyyətindədir. O, Allahı öz günahkar baxışları ilə tanımaq istəyir. Bunun mümkünsüzlüyü ondan irəli gəlir ki, insan Allah haqqında nə qədər düzgün təsəvvürə nail olmağa çalışsa da, öz zehnindəki varlığı sitayiş edir. Bundan əlavə, o bilməlidir ki, insanın Allaha qovuşması təkcə Allah tərəfindən mümkündür. O qeyd edir: "Biz şəriəti insanın ilahi təzahürə uyğun çalışması hesab edə bilmərik. Şəriət Allahın tam təzahür nəticəsi deyil. Çünki şəriətə uyğun yaşayan insan öz təsəvvürlərini Allahla əvəz edir. Bununla da Allahın öncədən ona bəxş etdiyi nemətlərin bir çoxundan məhrum olur. Nəticədə ilahi təzahürü müşahidə edə bilmir."(Karl Barth, "Church Dogmatics" ed.1. p.303) K.Bart hesab edir ki, Allah özünü yalnız təzahürü ilə təqdim edir. Bu da İsa Məsihin nümunəsində təzahür edir. Nəticədə, biz İsa Məsih olmadan Allah ilə insanın mənəvi əlaqələrindən danışa bilmərik. K.Bart başqa dinlərdə müəyyən həqiqətlərin olduğunu və onlara etiqad edən insanların xoşbəxtliyini danmır. Lakin həqiqi səadət yolunun xristian dininə məxsus olduğunu iddia edir. K.Bart hətta xristian dininin tam haqq olmasına inanmır. O bildirir ki, xristian dini İsa Məsihin varlığ ilə həqiqət dini olmuşdur. İnsan yalnız İsa vasitəsilə Allaha qovuşa bilər. (Peterson, Maykl, "Əql və etiqade dini", s.402-403) İnhisarçıların, xüsusilə K.Bartın mülahizələrini diqqətlə mütaliə edərkən bəzi suallar yaranır. Əvvəla, qeyd etdiyimiz kimi K.Bartın irəli sürdüyü fikirlər tam dindaxili arqumentlərdir. Yəni yalnız öncədən xristian dinini qəbul etmiş şəxs bu fikirləri təsdiq edə bilər. Başqa dinlərə sitayiş edənlər üçün bu nəzəriyyədə tutarlı sübut müşahidə edilmir. Qeyd etməliyik ki, K.Bartın arqumentləri iddiadan başqa bir şey deyil. Nə üçün Allah-taala İsa Məsihin vücudunda cilvələnmişdir? Tükənməz qüdrət, elm, mülkə malik Allah özünü müəyyən şəxsdə xülasə edə bilərmi? Nə üçün müxtəlif din və mədəniyyətə mənsub insanlar öz düşüncə tərzləri səviyyəsində ilahi varlıqla təmasda ola bilməzlər? K.Bart öncədən, heç bir dəlil və sübut təqdim etmədən ilahi təzahürün təkcə İsa Məsihdə olduğunu iddia edir. Halbuki bu iddia sübuta yetmir. Ən azı K.Bart bunu sübut etməyə lüzum görmür. Bundan əlavə, bütün dinlərdə inhisarçı baxışlar mövcuddur. Yəni hər bir dinə etiqad edən şəxs yalnız həmin dinin haqq olmasına inanır və başqa dinləri batil hesab edir. Belə olan halda dindaxili dəlillərlə insanları başqa bir dinə dəvət etmək olarmı? Burada ancaq dini inancın fövqündə dayanan rasional sübutlar ortaya qoyulmaldır. Bu isə Bartın iddialarında müşahidə olunmur. K.Bartın görüşləri digər bir məsələni də həll edə bilmir. İsa Məsihin Allaha qovuşmaq və bu yolla səadətə çatmaq yeganə vasitə olduğundan xəbərsiz sadiq, fədakar və xeyirxah bir şəxsin xoşbəxtlik hüququndan məhrum qalması mehriban Rəbbimizin mərhəməti ilə bir araya sığırmı?

Şübhəsiz, Allahın rəhməti belə bir şəxsin bədbəxtliyi ilə bir araya sığmır. Nəticə alırıq ki, dinə bu formada inhisarçı baxış heç bir əqli meyarla izah oluna bilməz.

Plüralizm (Dini çoxluq) redaktə

Plüralizmin ilk təzahürləri redaktə

Eksklüzivist (inhisarçı) nəzəriyyənin əksi olaraq, bütün dinlərin həqiqətə uyğunluğuna inansaq, dini plüralizm nəzəriyyəsinin təmsilçisi oluruq. Con Hik dini plüralizm nəzəriyyəsinin banisi və təmsilçisi olaraq bir neçə məsələni aydınlaşdırmağa çalışır. Burada C.Hik həm plüralizmin arqumentlərini həm də daha yaxşı başa düşülməsi üçün nümunə və bənzətmələrini gətirir. Burada ilk öncə nümünə və bənzətmələri göstərib, sonra arqumentləri gətirəcəyik, daha sonra isə nəzəriyyənin dəyərləndirilməsi və tənqidinə keçəcəyik.

İlk bənzətmə redaktə

C.Hik öz nəzəriyyəsini tam aydınlaşdırmaq üçün fil və kor kişilər nümunəsindən istifadə edir: Həyatı boyu ev heyvanı görməmiş bir neçə kor kişinin yanına bir neçə fil gətirirlər. Onlardan biri əlini filin ayağına çəkib deyir: "Bu canlı bir sütundur". Başqası əlini onun xortumuna çəkib, filin böyük bir ilan olduğunu bildirir. (John Hick, "God and the Universe of Faiths". p.140) Doğrudur, onlar öz fikirlərində yanılmamışdılar. Sadəcə, onların hər biri vahid həqiqətin bir tərəfini nəzərə alır və fikir bildirirdi. C.Hik hesab edir ki, insanlar arasında fili olduğu kimi görən bir şəxs yoxdur. Çünki biz insanlar hamımız həmin kor kişilər timsalındayıq. Bəzi filosoflar hesab edirlər ki, insanlar öz xüsusiyyətlərini bir araya gətirərək onları ülviləşdirmiş və dini anlayışları icad etmişlər. C.Hik bu fikirlə razılaşır. Amma dinin mənasız bir həqiqət kimi qələmə verilməsini qəbul etmir. İnsanların dinlə bağlı bu səyini onların ilahi varlığı dərk etmək istiqamətində düzgün çalışmalarında görür.

Dəyərləndirmə redaktə

"Fil və kor kişilər" nümunəsində kor kişilər necə yəqinləşdirə bilərlər ki, onların hamısı vahid varlıq barədə şərh verirlər? Hərçənd bu şərh müxtəlif aspektlərdən verilir. Çünki kor kişilərin təkcə bir yolu var. O da bundan ibarətdir ki, onların inandığı bir şəxs gözü ilə fili görür və onlara bu məsələni açıqlayır. Yəni onlara deyir ki, siz hamınız bir heyvan barədə danışırsınız. Bu zaman onlar öz ixtilaflarını həll etməyə başlayırlar və yaxud buna cəhd edirlər. C.Hikin "fil va kor kişilər" nümunəsindən nəticə alırıq ki, biz həqiqətən də fil haqqında heç nə dərk edə bilmərik. Hətta xarici aləmdə fil adlı bir varlığın olmasını da yəqinləşdirmək imkanında deyilik. İlahi varlığın idrak prosesində də məsələ oxşardır. Bu nümunəni diqqətlə araşdırsaq görərik ki, C.Hikin bu təmsili bizə kor kişilərin həqiqəti düzgün dərk etmələrini yox, onların tam yanlış vəziyyətdə olduqlarını söyləyir. (Sadiqi, Hadi. "Dəramədi bər kəlame cədid", s.350)

C.Hik bu irada cavab verə bilər ki, o, bu təmsildə filin varlığını öncədən təsdiq etmişdir. Həmçinin ilahi varlığın gerçəkliyini əvvəlcədən qəbul etmişdir. Lakin bu müddəa da iradsız deyil. C.Hikin düşüncəsinə görə insan zəkası ilahi varlıq barədə həqiqi idraka malik deyil. Bəs o bunu necə sübut edir? Başqa sözlə, plüralistlər iki yol ayrıcındadırlar: Bir tərəfdən biz Allah həqiqətindən aydın idraka çata bilmiriksə, dini etiqadımız əqidəsizliyə olduqca yaxınlaşır. Digar tərəfdən, əgər biz Allahdan tam idrakla danışa biliriksə, bu vaxt ona tərif vermək üçün bir sıra müəyyən və konkret cümlələrdən istifadə etməliyik. Nəticədə biz elə bir mövzu ilə üz-üzəyik ki, onun barəsində danışa bilirik. Deməli, tamamilə kor insanlar timsalında deyilik və kor kişilərin hansı iddiasının doğru olduğunu tam başa düşürük. (Peterson, Maykl. "Əql və eteqade dini", s.412-413)

İlk arqument redaktə

Fərqli dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmak olarmı? C.Hik bu sualın cavabında deyir: "Doğrudur bəzi dinlərdə İlahi varlıq qeyri-müəyyən, tərif verilməyən və insan hayatından xəbərsiz bir həqiqət kimi təqdim olunmuşdur. Halbuki başqa dinlərdə Tanrı həqiqəti müəyyən bir varlıqdır. Yaradıcıinsan hayatında yüksək idarəedici rola malikdir. Allah həqiqətinin bu iki təqdimatı bir araya sığmır. Lakin biz mahiyyətin noumen va fenomen formalarını fərqləndirməliyik. C.Hikin fikirlərini izah etməzdən öncə qeyd etməliyik ki, XVIII əsrdə məşhur alman filosofu İmmanuel Kant mahiyyəti iki hissəyə, yəni noumen və fenomenə ayırmaqla nəzəri fəlsəfədə yeni fikir söyləmişdir. İ.Kanta görə, həqiqətin bizə görünən və insanlar tərəfindən dərk edilə bilən tərəfi fenomen, insanın duyğu və hiss orqanları tərəfindən qavranmayan tərəfi isə noumen adlanır. İ.Kant bildirirdi ki, insanlar həmişə fenomenlərlə qarşılıqlı əlaqə yarada bilirlər. C.Hik adını plüralizmdə yaranan ilk suala Kantın tezisi ilə cavab vermək istəyir. C.Hik bildirir ki, din öz-özlüyündə bir varlıq və noumendir. Din noumeninə müxtəlif insanlar tərəfindən pərəstiş olunub. Bu vaxt hər bir şəxs öz baxışları və dünyagörüşü ilə dini araşdırmağa başlayır və nəticədə hər bir şəxs dindən özünəməxsus fenomen əldə edir. İnsanların dinlə bağlı düşüncələri tam həqiqətə uyğun olmasa da, biz onları qınaya bilmərik. Çünki hər bir insanın öz dünyası var və o yalnız öz mövqeyindən noumenləri təfsir etmək qabiliyyətindədir. Nəticə: Din vahid bir həqiqət olsa da, dindarların müxtəlif baxışları onun rəngarəng fenomenlərə bölünməsinə səbəb olur. Bu isə qaçılmazdır.

İkinci arqument redaktə

C.Hik plüralizm nəzəriyyəsini təqdim edərkən Karl Bart kimi inhisarçı fikirli filosoflara da cavab verir. C.Hik inhisarçıların nəzəriyyələrinin əksinə olaraq səadətin təkcə vahid din mənsublarına aid olmadığını vurğulayır və bildirir ki, xristianlığın bu barədə rəsmi mövqeyini qəbul etmir. C.Hik qeyd edir ki, ilahi ruh bütün insanlara təsir bağışlayıb, onları ilahiləşdirə bilər. İsa da digər peyğəmbərlər kimi insanın ilahi ruhla yaşamaq qabiliyyətini dirçəltməkdə ona köməkçi olur. C.Hik əslində burada əsas bir arqumenti önə çəkir. Bu arqument hazırda din fəlsəfəsində müzakirə olunan əsas mövzulardan biridir. O da "Dinin cövhəri nədir?" məsələsidir. Hik bu məsələni arqument kimi göstərərək, öz münasibətini bildirir. Onun fikrincə, dinin cövhəri insanların daxili aləmini və mənəviyyatını, bir sözlə şəxsiyyətini düzgün şəkildə formalaşdırmaqdan ibarətdir. Bu səbəbdən də o müxtəlif dinlərdə icra olunan dini ayinləri dinin əsl həqiqəti və cövhəri hesab etmir. Müxtəlif mədəniyyətlərə mənsub insanlar üzləşdikləri həqiqətlər qarşısında fərqli mövqe tuturlar. Din də belədir. Məhz buna görədir ki, onların həqiqət barədə təsəvvürlərindən müxtəlif dini təlimlər yaranır.

Üçüncü arqument redaktə

C.Hik plüralizm nəzəriyyəsini başqa bir arqumentlə sübuta yetirmək istəyir. Burada Allahın insanlara qarşı mərhəmətli olmasına önəm verilir. C.Hik qeyd edir: "Allahın öz bəndələrini (insanları) sevməsi inkarolunmaz bir həqiqətdir. Əgər Allah bizə qarşı çox mehribandırsa və bizi sevirsə, mütləq doğru yola hidayət etməlidir. Allah elə xüsusiyyətlər tələb edir ki, bütün dinlərə sitayiş edənlər səadət və nicat əhli olsun. Təkcə bir dinə pərəstiş edən insanları xoşbəxt saymaq Allahın insanlara qarşı hədsiz sevgisi ilə bir araya sığmır. Başqa sözlə, dini çoxluq nəzəriyyəsində ənənəvi dini nəzəriyyəni (inhisarçı baxışı) qəbul etsək, dindaxili paradoksla üzləşəcəyik. Xristianlıq təlimlərində Allah yaradan, bütün varlığın maliki, bütün insanların səadətini istəyən və hədsiz xeyirxah bir varlıq kimi göstərilir. Digər tərəfdən isə insanın yalnız İsa Məsih vasitəsilə Allaha mömincəsinə cavab verməsi onun üçün xoşbəxtlik sayılır. Bu o deməkdir ki, Allahın insanlara qarşı hədsiz istəyinə baxmayaraq insanların çoxu səadət payından məhrum olunmuşlar. Çünki dünyaya göz açan insanların çox hissəsi ya Məsihdən qabaq yaşamışlar, ya da xristianlıq hüdudlarından kənarda qalmışlar. (Con Hik, "Fəlsəfeye din", s.285-286).

Dördüncü arqument redaktə

Dini plüralizm nəzəriyyəsinin təmsilçiləri öz müddəalarını isbat etmək üçün digər bir arqumenti önə çəkmişlər. Bu hermenevtika sahəsində qəbul olunan bir nəzəriyyə ilə bağlıdır. Qeyd etməliyik ki, hər hansı bir mətnin obyektiv (qrammatik mənanı aydınlaşdırmaq) və subyektiv (müəllifin niyyəti) əsaslarla şərhini təqdim edən elm hermenevtika adlanır. Mətnin şərhi ənənəsi qədim yunan fəlsəfəsindən başlasa da, yeni hermenevtika elmi XIX əsrdə alman filosofu Şileyer Maxer (1768-1834) tərəfindən yaradılmışdır. (Fərhənge vajeha, s.578) Hermenevtika elmindəki bir nəzəriyyədə bildirilir ki, izah edəcəyimiz hər bir mətn, xüsusilə müqəddəs mətnlər abstrakt, yəni mücərrəddirlər. İnsanlar bu mətnlərlə üzləşərkən onları öz təsəvvürləri ilə şərh edə bilərlər. Bu nəzəriyyəni önərənlərin fikrincə, mətn təbiətə bənzəyir. Təbiət öz-özlüyündə qaranlıq bir həqiqətdir. Mətn də bu xüsusiyyətə malikdir. Müasir yazıçılardan biri bu barədə fikirlərini belə izah edir: "Biz mətn dünyasında belə bir qeyri-müəyyənliklə üzləşirik ki, mətnin şərhinə diqqətli olsaq da, məna dünyası plüral dünyadır. Müəyyən bir mətndə istisna olaraq vahid məna əldə edə bilərik. Lakin bu qayda deyil, istisnadır. Qayda budur: vahid və həqiqi məna mövcud deyil, araşdırmada müxtəlif düzgün mənalar alına bilər. Mətn dünyasında müəllifin niyyətinə uyğun mənanı həqiqi məna hesab edə bilmərik. Hər hansı bir mananı ifadə etmək istəyən müəllif yalnız mətnin bir mənasını anlaya bilmişdir. Başqa mənalar isə onun düşüncəsindən kənarda, mətnin şərhində verilə bilər". (Suruş, ƏbdülKərim, "Həqqaniyyət, əqlaniyyət, hidayət", Məcəlleye Kian, №4. s.16-17) Beləliklə, dini plüralizm nəzəriyyəsi hermenevtika elmindəki bir nəzəriyyə ilə başqa bir formada sübuta yetir. Belə ki, hər bir dində müqəddəs mətnin izahı müxtəlif aspektlərdən həyata keçə bilər. Nəticədə müxtəlif dinlər yarana bilər. Bu isə tam məntiqəuyğundur.

Dəyərləndirmə və tənqid redaktə

Digər insanlarla tolerantlıq şəraitində yaşanmalıdır. Dini plüralizm nəzəriyyəsi tolerant həyata uyğun baxış olsa da, bu nəzəriyyə burada fəlsəfi baxımından araşdırılır. Bu vaxt dini plüralizm baxışı bir neçə cəhətdən tənqid obyektinə çevrilir. Dəyərləndirmə və tənqidi bir neçə cəhətdən təqdim edirik:

İlk dəyərləndirmə və tənqid redaktə

İlk arqumentdə İ.Kantın mahiyyəti noumen va fenomenə bölməsini qeyd etdik və C.Hikin bu bölgünü asas götürərək, dinin əsas mahiyyətini noumen hesab edir və onu insanların dindən əldə etdikləri təsvirdən, yəni fenomendən fərqləndirir. Onlara görə, bütün insanlar bir həqiqətlə üzləşirlər. Dini rəngarənglik isə insanların idrakındakı təbii rəngarənglikdir. Burada plüralistlərin qarşısında mühüm bir sual qoyulur: Bu nəzəriyyəyə əsasən hansı vasitə ilə müəyyən etmək olar ki, bütün dinlər yalnız bir varlıq barədə danışırlar? Bu sualın cavabı qaranlıqdır. Müxtəlif dinlərə sitayiş edən insanlar hansı yolla yalnız bir məbuda sitayiş etmələrini kəşf edirlər? Yalnız bir yol var. Bu yol vahid həqiqəti olduğu kimi müşahidə edən şəxsin insanlara bunu xəbər verməsidir. Lakin bu ehtimal plüralistlər tərəfindən rədd olunur. Onlar bütün insanları istisnasız olaraq kor kişilər timsalında görürlər. Belə çıxır ki, həqiqəti müşahidə edən şəxs mövcud deyil. Digər bir tərəfdən, plüralistlərin noumen va fenomen formulu asasında dini plüralizmi izah etmələri skeptisizmlə nəticələnir. Skeptsizm eramızdan əvvəl IV əsrdə yaranmış, obyektiv gerçəkliyin dərki imkanını inkar edən fəlsəfi konsepsiyadır. Bu ideyaya görə insanlar xarici dünyadakı varlıq barədə həqiqi təsəvvür və biliyə malik ola bilməzlər. C.Hikin plüralist görüşlərində eynilə skeptsizmdə olduğu kimi, insan zakasının ilahi varlığı dərk edə bilməsi rədd edilir. Plüralistlər düşünürlər ki, insan obyektiv varlığı dərk edərkən yalnız fenomenləri (varlığı olduğu kimi yox, təkcə onun təzahürünü) zehnində canlandıra bilir.

İkinci dəyərləndirmə və tənqid redaktə

Plüralistlarin fikirlərinin sübutu üçün əsas dayaq arqumentlərdən biri də ilahi mərhəmət və insanın hidayəti mövzusu idi. Yəni Allahın insanlara qarşı həqiqi sevgisi və onlara doğru yol göstərmək zərurətini nəzərə alsaq, tək bir dinə sitayiş edən bir qrup insanların xoşbəxt, qalanlarının isə bədbəxt olacağına inana bilərik. Bu prinsipi əsas götürənlərdən soruşuruq: Allahın mərhəmət sifəti nəyi bildirir? Allah insanları doğru yolla getməyə məcbur edir, yoxsa onlar öz iradə va ixtiyarı ilə hidayət olurlar? İnsanın həyat yolu seçimində azad olması onu bildirmirmi ki, bütün insanlar kafir olmaq istəsələr də, bunun qarşısını alacaq maneə yoxdur? Nəticə etibarı ilə, tanrının insanlara qarşı mehribanlığı və onları düzgün yola dəvət etməsi bütün insanların düz yolda olmasına zəmanət vermir. Ümumiyyətlə Tanrı insanları öz istədiyi kimi yaşamağa məcbur etməyəcəkdir.

Üçüncü dəyərləndirmə və tənqid redaktə

Öncə qeyd edildiyi kimi, plüralistlərin əsas arqumentlərindən biri də hermenevtika sahəsinə yəni müqəddəs mətn və onun necə izah edilməsi probleminə aiddir. Bu sahədə bir neçə həqiqəti nəzərə almalıyıq. Hermenevtikada qəbul olunan nəzəriyyənin dini plüralizmə tətbiqi dini çoxluğu yox, təkcə dindəki məzhəb çoxluğuna asas ola bilər. Dini plüralizmdə mətnin müxtəlif aspektlərdən şərhi və bunun təsdiqi dini plüralizmdə həlledici rol oynamır. Biz burada heç bir müqəddəs mətnlə üzləşmirik. Ümumiyyətlə, müqəddəs mətn və onun şərhi məsələsi müəyyən bir dini qəbul etdikdən sonra gündəmə gəlir. Halbuki dini plüralizmdə müəyyən bir din rəsmləşdirilmir. Burada müxtəlif dinlər və müqəddəs kitablardan söhbət gedir. Bundan əlavə, hermenevtikadan götürülmüş nəzəriyyə təkcə inanc çoxluğunun yaranma səbəbini açıqlayır. Lakin bütün dini baxışların həqiqətə uyğun olmasını əsaslandıra bilmir. Üçüncü məsələ isə budur ki, mətndaxili "həqiqi mənadan" söhbət açarkən məna zehn dünyasında yerləşən təbii bir varlıq kimi nəzərdə tutulmur. Həqiqi məna dedikdə müəyyən bir mətnin şərhində mötəbər sayılan bir neçə mənadan birinin müəllifin niyyətinə daha yaxın olması diqqət mərkəzində olur. Məna dünyasında biz yalnız müəllifin niyyətini izləyirik. Aydındır ki, hər bir söz müəllifi danışarkən və ya yazarkən işlədilən sözlərlə müəyyən bir mənanı və məzmunu çatdırmaq istəyir. Mətni şərh etmək məharəti ondadır ki, müəllifin nəzərdə tutduğu məna müəyyənləşdirilsin. Belə olmazsa hər bir şaxs öz baxışları ilə mətni şərh etməyə çalışar. Bu isə tam məntiqsiz açıqlama olar. Digər bir məsələ bəzi mətnlərin tam aydın və aşkar şəkildə müəyyən bir mənanı ifadə etməsidir. Bəzi mətnlərin şərhində müəyyən məharətlərə yiyələnmək zərurəti görünmür. Çünki bu maharətin zərurəti qaranlıq mətnin şərhində daha çox özünü göstərir. Belə olarsa, pluralistlərin hermenevtikaya söykənən əsasları belə aşkar mətnlərə tətbiq oluna bilməz. Növbəti tənqid isə plüralistlərin ilahi kitablar barədə yanlış təsəvvürlərinədir. Plüralistlər müqəddəs mətnləri və bütövlükdə şəriəti mücərrəd və abstrakt hesab edirlər. Bu səbəbdən onlar bu mətnlərə müxtəlif mənaların tətbiqini təbii sayır və bu hüququ insanlar üçün qorumağa çalışırlar. Lakin onlar danılmaz bir həqiqəti unudurlar. Din insanları doğru yola dəvət etmak üçün göndərilmişdir. İnsanlar dini qanunların köməyi ilə təlim va tərbiyə almalıdırlar. Dinin tərbiyəvi cəhəti yalnız öz qanunlarını insanlara çatdırmaq imkanına malik olduğu zaman özünü tam göstərə bilər. Şəriəti abstrakt hesab edənlər bu yolu bağlayırlar. Samit şəriət hidayətedici qüvvə ola bilməz. Plüralistlərə görə, hidayət vəzifəsi insana ötürülür. Yəni insan öz baxışları və dünyagörüşləri ilə mətndəki mənanı dəyişdirə bilər. Deməli, müqəddəs mətn insanı yox, insan nüqəddəs mətni istiqamətləndirir. Bütövlükdə qeyd etməliyik ki, plüralistlərin dini plüralizm nəzəriyyəsi heç bir rasional va fəlsəfi sübuta malik deyil.

  1. İki fikir eyni anda həqiqət ola bilməz.
  2. Allahın mərhəmət sifətinin mənası nədir? Allah insanları doğru yola getməyi məcburmu edir. Yoxsa onlar öz iradə və istəkləri ilə hidayət olurlar insanın seçimində azad olması onu bildirmir ki, bütün insanlar kafir olmaq istəsələrdə bunun qarşısını almaq istəsələrdə onun qarşısını alacaq mane yoxdur.
  3. Nomen və fenomenin meyarı nədir?. Bu nəzəriyyə görə hansı meyarlq müəyyən etmək olar ki, bütün dinlər yalnı bir varlıq haqqında danışırlar.
  4. Dini plüalistlərin nomen və fenomen əsasında izah etmələri skeptizmlə nəticələnir. Skeptizm obyekt gerçəklərin dərki inkarlarını inkar edən fəlsəfi konsepsiyasıdır. Yəni insanlar xarici dünyadakı varlıq barəsində həqiqi təsəvvür və bilgiyə malik ola bilməzlər Hikin plüaliz düşüncəsində eyni ilə skeptizmdə olduğu kimi insan zəkasının ilahi varlığı dərk edə bilməsi rədd edilir.

Ədəbiyyat siyahısı redaktə