../ Fəlsəfə

../

İntibah dövrü dini və maarifçi ədəbi şərh dövrlərinin sərhədi, keçid dövrüdür. İntibahı şərtləndirən əsas hadisələrdən biri elmlərin, xüsusilə tarixi və təbiət elmlərinin müstəqil fənlər kimi formalaşması idi. Nəticədə təqribən tarixin dünyəvi mənzərəsi ortaya çıxdı. İntibah dahiləri anladılar ki, tarix fatalist yazının yox, insanların, qəhrəmanların və avantüristlərin fəaliyyəti nəticəsi olub. İntibah ədəbiyyatında insanlığın tarixi Allahın iradəsinin tarixi kimi deyil, insanların iradəsinin tarixi kimi yaranmışdır. İntibah dövründə qədim yunan-Roma bütpərəst mədəniyyətinin və tarixinin bərpası baş verdi. Renessans sözü də fransızca bərpa, dirçəltmə deməkdir. Monoteizmin hakimiyyəti şəraitində bütpərəst mədəniyyətin geniş öyrənilməsi və tərcümə edilib yayılması dinin dərin böhranından və cəmiyyətin mənəvi həyatı üzərində total nəzarətin dağılmasından xəbər verirdi. Təsadüfi deyil ki, renessans dövrü təkcə ədəbiyyatda yox, rəssamlıq və heykəltəraşlıqda da, arxitektura və teatrda da özünü göstərdi. İntibah dövründə dini ədəbi dillərin – latın dilinin hökmranlığı də şübhə altına düşdü. Milli kilsələrin inkişafı, sənətləri öyrədən məktəblərin yaranması milli dillərin – ingilis, italyan, ispan, fransız də s. dillərin coşqun inkişafına səbəb oldu. Bu dillər canlı danışıq dilindən qüvvət alır və dünyəvi ədəbi mətn yaradıcılığının təsiri ilə sürətlə zənginləşirdi. Ədəbiyyatda bu dillərin konflikti çoxlu mübahisələr yaratdı.

Milli dillərin inkişafı intibah dövründə müəllif yaradıcılığının çox geniş inkişafının tərs üzü idi. Dini ədəbiyyat Allahla bağlı ideyaların şərhi idi. Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşmaq, onu dərk etmək elminin – təriqət elminin xidmətçiləri sayırdılar. Onlar Allaha məhəbbət qarşısında sanki müəllif yaradıcılığından imtina edirdilər. Lakin müəllif yaradıcılığı bundan köklü şəkildə fərqlənirdi. Müəllif – iddialı, ilk növbədə şairlik, ədəbi və fəlsəfi yaradıcılıq iddialı şəxsiyyətdir. O bu iddia ilə özünü Allah xidmətçisi deyil, sənət və ədəbiyyat xidmətçisi kimi tanıdır. Amma müəllif ədəbi yaradıcılığı Şekspir, Servantes, Dante, Bokaçço kimi intibah dahilərinin əsərləri ilə insan ehtiraslarının tərcümanı oldu, insanı, onun gücünü, sevgisini və eyni zamanda eybəcərlik və qüsurlarını tərənnüm etdi.

Məhz intibah dövründə ədəbi şərh, estetika, fəlsəfə, qədim tarix müstəqil elmlərə çevrildilər və dini ehkamlardan və sxolastikadan uzaqlaşdılar. İntibah mütəfəkkirlərinin fəaliyyəti, əsərləri maarifçiliyin böyük nümayəndələri Volter, Didro, Monteskiyö və b. üçün örnək oldu. İntibah klassiklərinin əksəriyyəti rahiblər və ya dini təhsilli insanlar idi, lakin sanki tarixi prosesin özü onları dini ehkamlar çərçivəsindən çıxmağa və dünyaya yeni, sağlam dünyəvi nəzərlə baxmağa və bu baxışları təbliğ etməyə sövq etdi. Canlı həyata, insan ehtiraslarına, sevgi və faciələrə maraq intibah dövründə realizmin xüsusi formasını ortaya çıxardı, buna intibah realizmi deyilir.

Dini ədəbiyyat intibah dövründə tam aradan çıxmadı, amma bu ədəbiyyatın yanında əsas qəhrəmanı insan olan ədəbiyyat yarandı. Beləliklə bütün mədəniyyətin mərkəzində Allah ideyası ilə yanaşı duran qəhrəman – iradəli, eyni zamanda tərəddüdlərə və səhvlərə meylli olan insan obrazı çıxdı. Kapitalist istehsalının inkişafı insan cəmiyyətində adi sağlam düşüncənin çəkisini artırırdı, təhsilə dənizçilik, hərbi iş, ticarət üçün vacib olan dünyəvi elmləri daha artıq cəlb edirdi. Bu proseslər dənizçiliyin və kapitalist istehsalının kütləvi xarakter aldığı İtaliya, İngiltərə, Fransa və İspaniya kimi ölkələrdə daha fəal gedirdi.

İntibah kapitalist istehsalına və dünyada xam ərazilərin mənimsənilməsinə ilk başlayan qabaqcıl Avropa ölkələrinin ədəbiyyatlarında başladı. Lakin dini ədəbiyyatdan və dini ədəbi ənənədən uzaqlaşma prosesi uzun tarixi bir dövrü əhatə etmişdir. Qərbi Avropa ölkələrində bu proses XVII-XVIII əsrlərə qədər, müsəlman xalqların ədəbiyyatlarında isə XIX-XX əsrlərdə baş verdi. Ona görə intibah dini dünyagörüşünün ilkin böhranı dövrü sayılır. Lakin bu böhranın ilkin və ən dərindən özünü büruzə verdiyi sahə ədəbiyyat və onun tərkib hissəsi olan ədəbi şərhin fundamental prinsiplərinin yeniləşməsi idi.