Gülüstan müqaviləsi/VIII Maddə

../ Gülüstan müqaviləsi

../

Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.

İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.

İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.