Hülakü dövləti/Mədəniyyət

../ Hülakü dövləti

../

XIII əsrin ortalarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-1265) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq – sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı (5.səhifə 355).

Qazan xanın vəziri Rəşidəddinin tikdirdiyi Rəşidiyyə xüsusilə məşhur idi. Akademiya şəhərciyi kimi tanınan Rəşidiyyədə 24 karvansaray, 1500 dükan, 30 min yaşayış evi, mədrəsələr, 60 min kitab fondu olan 2 kitabxana, hamamlar, bağlar, dəyirmanlar, yun parça və kağız karxanaları, boyaqxana, zərbxana, 2 cümə məscidi və s. tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd (Rəşidəddin türbəsi), Dər üş-Şəfa (Şəfa evi) xəstəxanası, Abadsaray bağ-saray kompleksi təşkil edirdi. Bu çağın möhtəşəm tikililərindən Təbrizdəki Əlişah məscidi (14-cü yüzillik) və Sultaniyyədəki ülcaytu Xudabəndə türbəsi (1305-1313) diqqəti cəlb edir. Hər iki abidəni Elxani hökmdarı ülcaytu Məhəmməd Xudabəndənin vəziri Tacəddin Əlişah Təbrizi tikdirmişdir (Əlişah həm də bu abidələrin memarı sayılır). Sonralar Ərk qalası adı ilə tanınan möhtəşəm Əlişah məscidi və əzəmətli Sultaniyyə türbəsi bir sıra abidələrin tikintisinə təsir göstərmişdir.

Teymurun Səmərqənddə tikdirdiyi məscid və mədrəsələrin memarlıq quruluşu üçün Əlişah məscidi örnək olmuş, ülcaytu Xudabəndə türbəsinin tikilməsindən yüz il sonra italyan memarı F.Brunelleskinin florensiyada ucaltdığı Santa-Mariya del fyore kilsəsinin günbəzində Sultaniyyə türbəsinin konstruktiv üsullarından istifadə edilmişdir. 15-ci əsrlik Təbriz memarlıq məktəbinin ən gözəl abidələrindən biri Təbrizdəki Göy məsciddir (1465, memar Xacə Əli Gücəci, nəqqaş Nemətulla Bevvab). "İslamın firuzəsi" adlandırılan Göy məscidin memarlıq quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi ornamentli naxışları, kaşı və oyma bəzəkləri, nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri 15-ci yüzillikdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək inkişaf səviyyəsini göstərir. 15-ci yüzilliyin sonu – 16-cı yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi. Tikintində memarlıqla təbii şəraitin üzvi şəkildə əlaqələndirilməsi, abidələrin bitkin kompozisiyası və əzəmətli baştağ quruluşu, kəsmə kaşıdan zövqlə tərtib edilmiş kitaba və ornamentlərin tətbiqi memarlığın seçilən özəlliklərinə çevrildi.

15-16-cı yüzilliklərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı(Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını Azərbaycan usta Əhməd Təbrizli hazırlanmışdır. Türbənin yaxınlığındakı Yaşıl camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir (5.səhifə 356)