Maliyyə uçotu/Sair əməliyyat xərclərinin uçotunun təkmilləşdirilməsi/Sair əməliyyat xərcləri haqqında anlayış

Maliyyə uçotu/Sair əməliyyat xərclərinin uçotunun təkmilləşdirilməsi

1.Sair əməliyyat xərcləri haqqında anlayış
Sair əməliyyat xərcləri – müəssisənin istehsal fəaliyyəti ilə əlaqədar olmayan, müəssisənin mənfəəti hesabına maliyyələşdirilən vəsaitdir.
Məhsulun maya dəyəri tərkibindəki “sair xərclər” elementi üzrə məsrəflərə istehsalın hazırlanması və mənimsənilməsinə sərf edilən xərclər, istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar cari xərclər, ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar və s. xərclər aiddir.
“Sair istehsal xərcləri” maddəsinə elmi-tədqiqat və təcrübə işləri üçün çəkilən xərclər, məhsulun təminatlı xidməti və təmiri üzrə xərclər, göstərilən maddələrə aid olmayan başqa xərclər daxildir.
“İstehsaldankənar xərclər” maddəsində məhsulun satışı üzrə xərclər (kommersiya xərcləri), məhsulun taralaşdırılması, qablaşdırılması, təyinat yerinə çatdırılması və boşaldılması işlərinə çəkilən xərclər nəzərdə tutulur.
Mənfəət götürülməsi ilə əlaqədar olmayan xərclər sair əməliyyat xərcləri hesab olunur. Bu xərclərə istehlak, xeyriyyəçilik, humanitar məqsədlər, habelə sosial ehtiyacların ödənilməsinə yönəldilən vəsaitlər aid edilir. Buraya eyni zamanda müəssisə işçilərinə verilən həvəsləndirici ödəmələri, qeyri-dövlət sığorta və pensiya fondlarına ayırmaları, müəssisənin sosial-mədəni sahəsinin inkişafına çəkilən xərcləri də aid etmək olar. Bu tipli məsrəflər müəssisənin imicini formalaşdırmaqla onun gəlirli işləməsinə müsbət təsir edə bilər. Yaxşı təşkil edilmiş reklam və marketinq xidməti alıcıları, investorları və işçi qüvvəsini (ehtiyac duyulan mütəxəssis və sənətkarları) cəlb etmək üçün müəssisənin etibarlı mövqeyindən yararlana bilər.
Məhsulun maya dəyərinə daxil edilən sair xərclər öz iqtisadi məzmununa görə olduqca geniş spektri əhatə edir. Sair xərclərin tərkibinə ilk növbədə vergilər, rüsumlar, xüsusi büdcədənkənar fondlara ayırmalar, dövlət rüsumu, torpaq vergisi və nəqliyyat vergisi aid edilir.
Sair xərclərə eyni zamanda ekoloji cərimələr, kəşflərə və səmərələşdirici təkliflərə görə mükafatlar, kreditdən istifadəyə görə ödəmələr, ezamiyyə xərcləri, kadrların hazırlanması xərcləri, rabitə, bank, reklam xidmətlərinin ödənilməsi, qeyri-material aktivlərin amortizasiyası, məhsul satışı ilə bağlı və başqa məsrəflər də aiddir.
Bu növ xərclərə ikili ödəmə üsulu xarakterikdir. Qanunvericiliklə müəyyən edilmiş norma daxilində onlar məhsulun maya dəyərinə daxil edilir, normadan artıq xərclər isə vergiyə cəlb etmədən sonra müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilir.
Beləliklə, uçot əlamətləri üzrə təsnifləşdirilən məsrəflər məhsulun maya dəyərinə spesifik üsulla daxil edilir. Onlar istər hazır məhsulun satışı hesabına mənfəətin formalaşmasına və istərsə də vergiyə cəlb edilən mənfəətə bu və ya digər dərəcədə təsir göstərirlər.
Satışla əlaqədar olmayan əməliyyatlardan əldə edilən xərclər aşağıdakı kimi bölünürlər:
Əməliyyat;
Qeyri-satış;
Fövqəladə.
Əməliyyat xərclərinə aiddir:
Müəssisə aktivlərinin ödəmə şərtilə müvəqqəti istifadəyə verilməsi nəticəsində yaranan xərclər;
Ödəmə şərtilə təqdim edilən ixtiralar üzrə patentlər, sənaye nümünələri və sair intellektual mülkiyyətindən əmələ gələn hüquqlar üzrə xərclər;
Digər müəssisələrin nizamnamə kapitalında iştirakından əmələ gələn xərclər;
Müəssisənin istifadəsinə təqdim edilən pul vəsaitlərindən (kreditlərdən, öhdəliklərdən) ödənilən faizlər;
Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar yaranan xərclər;
Digər əməliyyat xərcləri.
Qeyri-satış xərclərinə aiddir:
Təsərrüfat müqavilələrinin şərtlərini pozduğuna görə cərimə, peni və digər sanksiyalar;
Müəssisəyə gətirilən zərərin ödənilməsi;
Hesabat ilində aşkar edilən keçən illərdəki əməliyyatlar üzrə zərərlər;
Tələb edilməyən debitor borcunun silinməsi üzrə yaranan zərərlər;
Mənfi məzənnə fərqləri;
Aktivlərin dəyərinin azalması məbləğləri;
Digər qeyri-satış xərcləri.
Fövqəladə xərclər aşağıdakılar hesab edilir:
Təsərrüfat fəaliyyəti nəticəsində yarana bilən fövqəladə hadisə və hallardan daxilolmalar (yanğın, qəza, təbii fəlakət və s.);
Əməliyyat, qeyri-satış və fövqəladə xərclərin uçotu 80 saylı “Mənfəət və zərərlər” hesabının debetində aparılır.