Nitq mədəniyyəti/Nitqin növləri (monoloji və dialoji)
←Nitq mədəniyyəti və üslubiyyat | Nitq mədəniyyəti |
Sintaktik norma→ |
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.
Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Lakin nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülə bilər.
Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır.
Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır.
Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox istifadə olunur. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər. Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.
Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirirlər. Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və ya obyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s. Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Telenitq isə monoloji və dialoji formalarda olur, məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır.
Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur. Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük. Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir.
İstifadə olunmuş ədəbiyyat siyahısı
redaktə
1. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
2. Məlahət Nuriyeva və Aytən Quliyeva / Bakı Dövlət Universiteti. Fəlsəfə Akademiyası Gənclər Təşkilatı, 2013 (daha ətraflı ensiklopediya.az saytında)