../ Qidalanma

../
Sister Projects. Həmçinin baxın: Haqqında • Şəkilləri •

"Fast - fud" ifadəsi ölkəmizdə uşaqdan tutmuş böyüyə qədər artıq hamıya tanışdır. Bu sahədə də Avropa ölkələrinin ənənələrinə sahib olmaq niyyətindəyik. Artıq ayaqüstü qidalanmaq xarici ölkələrdə olduğu kimi bizdə də dəbə minir. "Tezbazar yemək" anlamını verən "fast-fud"lar - dönər, şaurma, hot - doq, qamburqer, çizburqer obyektləri yağışdan sonra artan göbələklər kimi paytaxtın müxtəlif yerlərinə yayılıb. Amma getdikcə "fast - fud"lar insanların sağlamlığına mənfi təsir göstərən ciddi amilə çevrilir.

Belə ki, qida tələbatını ödəmək üçün ayaqüstü yeyilən həmin yeməklərin insan orqanizminə hansı bəlalar gətirəcəyini anlamaq elə də çətin deyil. Açıq odda cəmi 5 - 10 dəqiqəyə bişirilən, yanma zamanı ayrılan toksik maddələr ətinə hopan dönərlər, buz kimi sərinləşdirici içkilərin qəbulu ilə müşayiət edilən qamburqerlər sağlamlığımızın əsası olan mədə - bağırsaq sistemini sarsıdır və onların fəaliyyətinin pozulması ilə nəticələnir. Əvvəllər daha çox yaşlı nəsildə müşahidə edilən qastrit, xoralar indi nəzərəçarpacaq dərəcədə cavanlaşıb və azyaşlılar arasında da problemə çevrilib. Hər bir ət məhsulu ən azı 20-25 dəqiqə bişirilməlidir. Yalnız bu halda ətdə olan mikrob və hər hansı bir xəstəlik törədicisi məhv ola bilər. "Fast - fud" lar isə bir neçə dəqiqə közə verilməklə müştərilərə təklif edilir.

Araşdırmalar göstərir ki, düzgün qidalanmamaq piylənmə ilə də nəticələnir. Yarıbişmiş yeməklər yalnız mədə - bağırsaq xəstəliklərinə deyil, eləcə də artrit, ürək - damar xəstəlikləri, xroniki yorğunluq, qanda xolesterolun artması və bu kimi digər təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar zamanı məlum olub ki, dünyada insanlar arasında ən çox sevilən 3 ərzaq - ağ çörək, kofe və hot - doqlar olub. "Tezbazar yemək" lərin insan orqanizmi üçün təhlükəli olmasına baxmayaraq, ölkəmizdə fəaliyyət göstərən "McDonalds", "Portafino", "Çudo Peçka" və bu kimi müştərilərə ayaqüstü xidmət göstərən obyektlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Müştərilərdən bəziləri ayaqüstü yeməklərin orqanizmləri üçün təhlükə törətdiyindən xəbərdar olsalar da, digərləri bu formada qidalanmanın həyatlarını asanlaşdırması və ciblərinə uyğun gəlməsi ilə izah edirlər. Çünki ayaqüstü qidalanma hər hansı restorandakı günorta yeməyindən dəfələrlə ucuz başa gəlir. Daha çox gənclərin sevimli məkanı olan "Çudo Peçka"da bir stəkanı 20 qəpik olan sərinləşdirici içkilər restoranlarda ən ucuzu 50 qəpiyə təklif edilir.

Gənclərin əksəriyyəti ayaqüstü qidalanma "xəstəliyinə" tələbəlik illərində yoluxur. Bir qrup insanlar isə hər şeydə olduğu kimi, qidalanmada da zövq məsələsini önəmli sayır.