Qoyunçuluq/Qoyunların artırılması
Qoyunlar cinsi yetişkənliyə 8-9 ayda çatır, lakin ilk cütləşməni 12-18 aylıqda aparmaq məsləhət görülür. Qoyunlarda cinsiyyət tsikli orta hesabla 17 sutka, həvəsəgəlmə 24 saat, boğazlıq müddəti 144-148 gün davam edir. Qoyun cinsləri qısagünlük heyvanlara aiddir, yəni onlarda cinsi fəaliyyət payızda, gün qısaldıqda təzahür edir.
Qoyunları gündüz bir neçə saatlıq qaranlıq binaya salmaqla, onlarda həvəsəgəlməni tezləşdirmək olar. Xarici əlamətlərə görə qoyunlarda həvəsəgəlmə aşkar etmək çətindir. Buna görə də sınaqçı qoçlardan istifadə edirlər. Belə qoçların döşünü hər ikinci gün xüsusi boyaqla rəngləyirlər ki, sonra həvəsə gələn qoyunları görmək olsun.
Qoyunları yetişdirdikdə müxtəlif cütləşmə növlərindən istifadə edilir. Sərbəst cütləşmə qoçları qoyun sürüsünə buraxılır. (20-25 ana qoyuna bir qoç hesabı ilə). Bu cütləşmə növü ən sadə olsa da çoxlu qoç tələb edir. Onu damazlıq təsərrüfatlarında tətbiq etmək olmaz çünki burada quzunun valideynləri dəqiq bilinməlidir. Əl üsulu ilə cütləşdirmə zamanı sınaqçı qoçları sürüyə buraxır bundan sonra isə həvəsdə olan qoyunu xüsusi dəzgahda cütləşdirirlər. Belə cütləşmədə 80-100 ana qoyuna bir qoç saxlanılır.
Süni mayalanma ən qiymətli törədicidən geniş istifadə etməyə imkan verir.
Cütləşmənin deməli həm də döl kompaniyasının keçirilmə vaxtının böyük praktiki əhəmiyyəti vardır. Məlumdur ki, qışda, yaxud da yazda qoyunçuluq təsərrüfatlarında döl alırlar. Qışda döl almaq üçün cütləşməni sentyabr, oktyabrda aparırlar. Yanvar-fevral aylarında doğulan quzular otlaqlara çıxana yaxın artıq otu yaxşı həzm edə bilir. Onlar daha yaxşı inkişaf edir. Və yazda doğulan quzulara nisbətən çox yun və ət verir. Lakin qış dölünün təşkili isti binalar və çoxlu miqdarda keyfiyyətli yem tələb edir ki, bunlar da quzularla birlikdə anaclar üçün normal şəraitin yaradılması zərurətindən irəli gəlir. Bu cür şərait olmadıqda dölü yazda alırlar. Yazda doğulmuş quzular otlaq yemini hələ yaxşı həzm edə bilmir, yayın ortasında isə otlaqlarda ot quruyur, kobudlaşır və onun qidalılığı azalır. Buna görə də təcrübəli fermerlər qoyunçuluqda yalnız qış dölünün təşkilinə üstünlük verir.