Sarı gəlin/"Sarı gəlin" - Günəşmi, qadınmı?

../ Sarı gəlin

../

…Kiminə görə Sarı Gəlin adi türk qadını olub, kiminə görə isə, bu el nəğməsi insana qoşulmayıb. İkinci variantın gerçəyə daha yaxın olduğunu israr edənlər də çoxdur. Buna baxmayaraq, hələlik kulturoloqlar, folklorşünaslar, araşdırmaçılar bu barədə yekdil bir fikirə gələ bilməyiblər. Bu araşdırmalar içində ən mənqtiqlilərindən biri də araşdırmaçı-tarixçi Şakir Qabıssanlının fikirləridir. Qabıssanlı yeni bir tərəf qoydu ortaya və öncəki araşdırmaların yanlış olduğunu sübut etdi. Araşdırmaçı “Sarı Gəlin”in əslində, Günəş olduğunu bildirdi. Hər halda ondan öncəki və sonrakı araşdırmalarda “Sarı Gəlin”in insan olması barədə tutarlı dəlillər yoxdur.

Mahnının əslində, 3 qəhrəmanı var;

  • 1. Günəş
  • 2. Sevgili yar
  • 3. Öz eşqini nağıl edən Aşiq

Mahnının sözlərindəki güzlənmiş incə mənaları anlamaq üçün öncə bir neçə məqama diqqət yetirməyə ehtiyac duyulur.

  • Bəzi araşdırmaçılara görə, mahnıda deyilən "sarı" yox, əslində "sari" olmalıdır. "Sari" qədim türk sözü olub göydə sayrışan, bizə həyat enerjisi verən Günəşi ifadə edir. "Saçın ucun hörməzlər"- bu qadın saçı deyil, Günəş şüaları anlamındadır, onu necə hörmək olar?
  • Saçın telinin sayılması, hörülməsi, ümumiyyətlə saçın mədhi təkcə "Sarı Gəlin"də deyil, başqa mahnılarda da var. Məsələn: “Təbriz üstə Marağa, Telin gəlməz darağa...” Bu mahnıda da Günəşin telindən danışılır. Demək, “Sarı Gəlin” öyküsü həm də Günəşə, onun vəsfinə istiqamətlənən mahnılardandır. (Qədim türklərdə Günəş kultu var idi və elementəri bu günədək yaşamaqdadır).
  • "Gülü sulu dərməzlər" Günəş çıxmadan gülü dərmək olmaz mənasını verir. Bağçılıqdan bir az anlayanlar bilir ki, gül-çiçəyi heç vaxt şehli-şehli dərmirlər, bu gülün gözəlliyini itirir, təzəliyinə zərər verir.
  • “Nə olaydı görəydim nazlı yarın üzünü, Sarı gəlin...”-deyilir mahnıda. Yəni, “Sarı Gəlin”ə- Günəşə müraciət edilir ki, nazlı yarımın üzünü görmək istəyirəm. Deməli “Sarı Gəlin”, yəni, Günəş nazlı yar deyil, yar başqasıdır.
  • Bu sevda nə sevdadır, Səni mənə verməzlər, neynim, aman-aman, neynim, aman-aman, Sarı gəlin.- “Sarı Gəlin”dən imdad diləyir aşiq, dərdini söyləyir, əlac istəyir… Əski türk mifolojisində örnəkləri çoxdur.
  • “Aşıq ellər ayrısı, Şana tellər ayrısı, Bir gününə dözməzdim, Oldum illər ayrısı”- Aşiq Sarı Gəlinə dərdini anladır- Əgər nazlı yar Sarı Gəlinsə o zaman niyə aşiq deyir ki, “oldum illər ayrısı”? Axı Günəş hər səhər görünür, aşiq istəsə də ondan ayrı qalmaz. Həm də Sarı Gəlinin insan olmadığı fikrinə əsaslansaq, o zaman aydın olur ki, aşiqin ayrı qaldığı yar başqasıdır. Yəni, mahnıda aşiqdən başqa daha iki surətin olması aydın olur.