Sarı gəlin/"Sarı gəlin" hansı dövrün məhsuludur?

../ Sarı gəlin

../

Məlumdur ki, bu Azərbaycan türk mahnısıdır, o cümlədən Quzey-Doğu Anadoluda yaşayan türklər də bu mahnını özlərininki hesab edir. Mahnının yaranma tarixi haqqında fərqli versiyalar var. Bəzi alimlər bunu 2-3 əsr, bəziləri isə 7-8 əsr öncəyə aid edirlər.

Məlumat üçün qeyd edim ki, Azərbaycanın görkəmli şairi Hüseyn Cavid Yuxarı Kür və Çorux çayları boyunda geniş yayılmış bu əfsanəni yaxından öyrəndikdən sonra “Şeyx Sənan” adlı pyesini yazıb.

Jurnalist Eyübhan Qılınc araşdırdığı qaynaqlarda qadın kimi təsvir etdiyi “Sarı Gəlin”in sarışın olduğuna dair bir məlumata rast gəlmədiyini ifadə edir. Bunu “Sarı Gəlin”in bağlı olduğu Qıpçaq türklərinə məxsus olması ilə bağlayır və onun qarabuğdayı olduğunu deyir.

Tutaq ki, Eyüphan Kılıcın bu versiyası doğrudur, tutaq ki, “Sarı Gəlin” insandır. Amma hətta belə olsa da, jurnalist yenə doğru izdə deyil. Çünki qıpçaqlar onun sandığının tam əksidirlər. Yəni, qıpçaqlar qarabuğdayı deyil, sarışın və olduqca gözəl olublar və türklərin ən yaraşıqlı soyu hesab ediliblər. Bir çox tarixi qaynaqlarda qıpçaqların gözəl, sarışın, mavi gözlü olması qeyd olunur. Böyük şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində də qıpçaqların gözəlliyindən bəhs olunur.

Qıpçaqların tarixdə bir adı da Kumandır. XIII yüzildə qıpçaqlar Qafqazda, Cənubi Rusiyada və Ukrayna ərazisində çox fəal idilər. XII-XIII əsrlərdə qıpçaqlar Gürcüstanın çiçəklənməsində böyük rol oynamışlar. Qıpçaq ordusu hesabına Səlcuqları məğlub etmiş gürcülər orta əsrlərdəki sərhədlərinə görə onlara çox şeyi borcludurlar. Tanınmış tarixçi və folklorşünas professor F.Kırzioğlu 1958-ci ildə yazmış olduğu “Ədəbiyyatımızda Qars” əsərində qeyd edir ki, “Sarı gəlin türküsü və Şeyx Sənan əfsanəsi XII yüzildə Şimali Qafqazdan gələn ortodoks qıpçaqların xatirəsindən qalıb”. Kırzıoğlu hesab edir ki, “Sarı Gəlin” sanıldılğı kimi 2-3 əsr öncənin deyil, ən azı 7-8 əsr öncənin məhsuludur.