Sarı gəlin/"Sarı gəlin"i erməniləşdirməyə çalışan "türk"

../ Sarı gəlin

../

İndiyədək bu mahnının araşdıran bir çox araşdırmaçı olub. Hər birinin də özünəməxsus tərzdə maraqlı fikirləri və yorumları olub. Araşdıranlar tək Azərbaycandan olan alimlər olmayıb, eyni zamanda bu nəğməni xarici mütəxəssislər də araşdırır. Onlardan biri özünü əslən osmanlı türkü kimi təqdim edən jurnalist-yazar Eyüphan Qılıncdır.

Dediyinə görə, 3 ildən artıq vaxt ərzində “Sarı Gəlin”i araşdırıb. Əldə etdiyi məlumatlardan ibarət "Sarı Gəlin Türküsünün Gerçək Öyküsü" adlı kitab nəşr etdirib. Kitabda bir sıra əhvalatlar yazıb, hamısında da “Sarı Gəlin” qadın-insan kimi qələmə verilib və Azərbaycan türkü kimi deyil, rus və gürcü qızı kimi xarakterizə edilib.

Jurnalist yazır ki, “Sarı Gəlin” gürcü kralı David ilə erməni Rusudanın gizli birlikdəliyindən doğulub, adındakı “sarı” sözü də əslində sarı yox, “sari” olub. Bu sözün anlamına gəlincə isə Eyübhan Qılınc qeyd edir ki, bu ad hind mədəniyyətindən qaynaqlanır (hind qadınlarının “sari” adlandırılan geyimi var ki, bunun da anlamı “sayrışan” deməkdir. Səbəbini soracaq olursanız: zəngin və çoxçalarlı hind kültüründə, hətta paltarlarda belə minlərlə çalar əks olunur, çalarlar parça üzərində necə deyərlər, sayrışır, hərəkət edir və dolayısı ilə də geyimin adı yaranır- L.M ).

Bəs bu adı ona kim verib? Jurnalistin araşdırmalarına görə, Şeyx Sənan anası erməni, atası gürcü olan bir xanıma vurulur və adını bilmədiyindən və onu hər dəfə əynində sari ilə gördüyündən adını “Sari Gəlin” qoyur. Əhvalat təxminən belə təqdim olunur:

“Bağdadlı buddist Şeyx Sənan, varlı, yaraşıqlı və eşqbazdır. Müsəlman bir qızla gizli birlikdəliyi var. Qız müsəlman olduğu üçün bu, böyük günah sayılır. Bilinsə, qızı hətta ölüm cəzası gözləyir. O qızın bu cəsarəti qarşılığında aciz olur, əlacı müsəlmanlığı qəbul etməkdə görür…”

Araşdırmaçı başqa bir versiyasında isə fərqli bir şey yazır. “Sənan şeyx olur. Yuxusunda gördüyü büt, onu yeni bir macəraya sürükləyər. Qırx müridiylə birlikdə bütün arxasına düşüb, Ərzuruma qədər gəlir. Büt, zümrüd gözlü qaraşın bir gözəl olaraq çıxar qarşısına şeyxin.

Şeyx Sənan, uzun müddət adını öyrənə bilmədiyi qıza üzərindəki ipək işləməli hind paltarı səbəbiylə "Sari (sarili) gəlin" adını qoyur. Sonradan öyrənir ki, aşiq olduğu “Sarı Gəlin” kral Davidin qızıdır və kralın komandirlərindən Batmutyanın (müəllif erməni adlı birini əhvalata daxil etməklə “Sarı Gəlin”i erməniyə daha da yaxınlaşdırmağa çalışır- L.M.) da qızda gözü var. Sarı Gəlin Sənandan eşqinin isbatı üçün üç diləyini reallaşdırmasını istəyir. O şərab içməli, Quranı yandırmalı və dinini dəyişdirməli- xristian olmalıdır. Sənan qızın istədiklərini edir. Hələ üstəlik, sarayın donuzlarına da 7 il çobanlıq edir. Amma eşqinə cavab almır və bundan sonra müridləriylə dağa çıxır, tərki-dünya olur. Bu dəfə “Sarı Gəlin” Sənanın arxasına düşür. Dağda görüşürlər, sarmaş-dolaş anında Batmutyanın qılıncı Sənanın kürəyindən girib, qucaqladığı “Sarı Gəlin”in sinəsini dəlir”…

Eyübhan Qılıncın araşdırmasının əslində bir amacı olduğunu anlamaq çətin deyil. Onun açıq-aydın ermənipərəst olduğunu görmək olur. Türk, gürcü və ermənilərin hər birinin kültüründə bu mahnının olduğunu iddia edən jurnalist “Mədəniyyətin milliyyəti olmaz" deyir. Bütün dünyanın bildiyi aksiomanı danmağa çalşır, “Sarı Gəlin”i altdan-altdan erməniyə yamayır. Amma başarılı ola bilmir.

Kitabın adını (Türkiyə türkcəsində) yazıb internetdə axtarış aparsanız, oxucu yorumlarını görəcəksiniz, bütün oxucular kəskin şəkildə etiraz edir ki, türk əsilli bir araşdırmaçı nədən türkün möhtəşəm musiqi əsərini erməniyə yazır. Axı “Sarı Gəlin” oğuz türklərinindir, Azərbaycan xalqının musiqi nümunəsidir. “Sarı köynək”, “Sarıtel”, “Sarışınım” mahnılarını yaradan xalq yaradıb “Sarı gəlin”i.

Son bir neçə ildə erməni tele-radio kanallarında çox böyük canfəşanlıqla oxudulan “Sarı gəlin”in erməni variantı hayların özləri tərəfindən də qəbul edilə bilmir. Bu səbəbdən mahnının erməni kilsə musiqisinə uyğun mahnılarla sintezinə cəhd edilir. Amma bu çalışmalar uğursuzdur.