Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi/Sosial siyasət və onun təkmilləşdirilməsi istiqamətləri

../ Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi

../

Sosial siyasət - dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir.
Dövlətin mərkəzdə və bölgələrdə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün gördüyü tədbirlər, şagirdlər üçün pulsuz kitab verilməsini təmin etməsi, pensiya və maaşların artırılma və ya azaldılması, vergilərin nizamlanması və.s kimi xəbərləri hər gün televiziya və ya başqa KİV-dən eşidirik. Dövlətin gördüyü bütün bu tədbirlər nədir? Nə üçün bu tədbirlər görülür? Dövlət bütün bunları etməyə borcludurmu? kimi suallar ortaya çıxır.
Dövlətin gördüyü bu və ya digər bu tipli tədbirlər dövlətin sosial siyasəti adlanır. Sosial siyasət cəmiyyətdəki sosial prosesləri nizamlamaq üçün dövlətin əlində olan ən əsas vasitələrdən biridir. Bəs sosial siyasət nədir?
Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra inkişaf edərək geniş mənada işlədildi. Bütün sosial sinif və qruplar üçün dövlətin gördüyü tədbirlər bütününü əhatə etdi. Sosial siyasət müasir mənada: cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir.
Bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Bu mərhələlərdə dövlətlər öz funkisiyalarını dəyişdikləri kimi sosial siyasətin də mənasını dəyişdirib və onu daha da genişləndiriblər.

Sosial siyasətin vəzifələri

Sosial siyasətin vəzifələri dedikdə, onun həll etməli olduğu əsas məsələlər nəzərdə tutulur. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək olar:
Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli bölügüsü ilə əlaqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflər arası maddi uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas vəzifələri sırasındadır.
Fürsət barəbarliyi: liberal fəlsəfəyə əsaslanan qanun qarşısında bərabərlik prinsipinin sosial-iqtisadi sahəyə tətbiq olunmasıdır. Bərabərlik prinsipi daha çox təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir.
Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına görə vətəndaşın gəlirinin azalması və ya ümumiyyətlə dayanması zamanı onun digər insanlardan asılı olmadan yaşamasını təmin etmək üçün görülən tədbirlər bütünüdür.
Tam məşğulluğun təmin olunması və işsizliklə mübarizə: bütün vətəndaşların gəlir əldə edə biləcəyi bir iş yerinin olması sosial siyasətin əsas məqsədlərindən biridir.
Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları fərqli sinif, irq, din, məzhəb, iqtisadi vəziyyətə görə ayrı-seçkilik salınmasının qarşısını almağa çalışır. Cəmiyyətdə müxtəlif tip insanların sülh içərisində yaşamalarını təmin edir.
İqtisadi inkişafın təmin olunması: dövlətin iqtisadi inkişafı üçün investisiyalara münbit şərait yaradır. İqtisadi fəaliyyətlərdə tam məşqulluq halını təmin etmək üçün buna uyğun fəaliyyətlər həyata keçirilir.