Vikipediya/Viki tədrisdə

../ Vikipediya

../

Vikipediya on-line ensiklopediyasının artıq 10 ildən artıqdır ki, yaranmasına baxmayaraq, elm və təhsil sahələrində ona münasibət müxtəlifdir. Ensiklopediya yeni yarandığı illər məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində tələbələrə Vikipediya ensiklopediyasından öz işlərində istifadə etməyə icazə vermirdilər. Hətta bəzən tələbənin Vikipediya ensiklopediyasına müsbət fikrinə görə qiymətinin kəsilməsi hallarına də rast gəlinirdi. Lakin nəzərə alsaq ki, dünyanın bir çox universitetlərində professorlar tələbələrin ümumiyyətlə İnternetdən istifadəsinə qadağa qoyulmasını təklif edirdilər, o zaman Vikipediyaya qarşı mənfi münasibəti başa düşmək olardı. Onu da qeyd etmək lazımdır ki, İnternetlə bağlı yalnız Vikipediya layihəsinə qarşı mənfi münasibətlərə rast gəlinmirdi, Google, Yahoo, bloqlarla, forumlarla bağlı layihələr də universitet professorları tərəfindən tez-tez tənqidlərə məruz qalırdılar.

İKT-nın inkişafı və müxtəlif on-line layihələrinin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası və ümumiyyətlə informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar artıq təhsilin İnternetə, o cümlədən Vikipediyaya, münasibəti dəyişməkdədir. Vikipediya layihəsi də artıq 5 il əvvəlki vəziyyətdə deyil. Vikipediyaya gün-gündən daha təcrübəli, savadlı, ciddi istifadəçilərin cəlb edilməsi, bu ensiklopediyadakı məqalələrin artıq daha dolğun, düzgün, tam şəkildə olmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, məqalələr prinsipiallığı və ciddiliyi ilə digər istifadəçilərdən fərqlənən administratorlar tərəfindən nəzarətdə saxlanılır. Odur ki, son zamanlar təhsil sahələrində Vikipediyaya münasibət kökündən dəyişməkdədir. Artıq universitet müəllimləri özləri tələbələrə kurs işlərində virtual ensiklopediyadan, eləcə də Vikipediyadan istifadə etməyə tövsiyə edirlər.

Bir çox ölkələrdə Vikipediya virtual ensiklopediyası tələbələrin tədris elementinə çevrilmişdir. Məsələn, Amerikanın Bottel universitetində müəllimlər tələbələrə referat əvəzinə Vikipediyada məqalə yazmağı təklif etdilər. Təcrübə çox uğurlu alındı. Tələbələrin mövzu üzərində ciddi tədqiqat aparmaq məcburiyyəti, eyni zamanda mənbələrdən düzgün istifadə edərək, onların ensiklopediyada göstərilməsi qaydaları ensiklopediya üçün məqalə yaratmağın çox ciddi və məsuliyyətli iş olduğunu bir daha sübut etdi. Belə ki, məqalələr bir müəllim tərəfindən deyil, yüzlərlə İnternet istifadəçiləri və mütəxəssislər tərəfindən yoxlanılırdı və düzgün olmayan məqalələr tez bir zamanda ensiklopediyadan silinirdi. Artıq bu təcrübə Amerikanın digər universitetlərində də həyata keçirilir.

Professorlar kurs işi əvəzinə tələbələrə Vikipediyada, bu və ya digər mövzularda məqalələr yaratmağı tələb edirlər. Bir zamanlar virtual ensiklopediyadan üz döndərmiş, onu yarımçıq və hətta saxta məqalələr yığımı olmaqda ittiham edən elm dünyası artıq Vikipediyaya qarşı münasibətini dəyişməkdədir. Bu gün artıq Vikipediya ensiklopediyası açıq tədris ideyasını, daha doğrusu biliyə açıq müraciət ideyasını həyata keçirən ən nəhəng layihədir. Bununla belə, ensiklopediyadakı məqalələri klassik elmi məqalələr adlandırmaq olmaz. Lakin zaman keçdikcə, daha sanballı və dolğun məqalələrin sayı çoxaldıqca, daha çox müraciət olunan layihəyə çevrildikcə ona qarşı münasibət də dəyişməkdə davam edir.