Azərbaycan ədəbiyyatı/Əfzələddin Xaqani yaradıcılığı

Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri Azərbaycan ədəbiyyatı

Nizami Gəncəvi yaradıcılığı

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani 1126-1199 yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn", 1156-cı ildə yazılmış ("İki İraqın töhfəsi") poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır. XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur. Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.