Fındıqçılıq/Fındıq bağlarının budanması
←Fındıq bağlarında torpağın becərilməsi | Fındıqçılıq |
Fındığın ziyanvericilərdən qorunması→ |
Fındıq bağlarında budama işlərinin aparılmasında əsas məqsəd məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, ağacların uzunömürlülüyünü təmin etməkdən ibarətdir. Budama işləri iqlim şəraitindən asılı olaraq payızda yarpaq töküldükdən sonra və yazda tumurcuq oyanan dövrədək aparmaq lazımdır. Əks təqdirdə bitkinin böyümə prosesi zəifləyir.
Cavan fındıq koluna forma verilməsinə birinci ildən başlamaq lazımdır. Bağ salınarkən tingin yerüstü hissəsi 20–25 sm qısaldılır. Payızda yenidən artıq, zədələnmiş, zəif budaqlar kəsilib atılır, daha güclü, yaxşı inkişaf etmiş sağlam zoğlar 2-3 göz qısaldılır.
Sonrakı illər kök pöhrələri əmələ gəlir ki, hər kolda 18-20 ədəd gövdəcik saxlamaqla xəzzəlləmədən sonra hər il budama və formavermə davam etdirilir. Fındıq bitkisinin çətirini seyrəldərkən işıqlı, küləklənən və seyrək budaqlı çətirin yaradılmasına fikir verilməlidir. Fındıq bitkisi günəşli və kölgəsiz yerləri sevir. Düzgün budama aparmadıqda, kolun çətiri çadır şəklini alaraq cərgə aralarına işıq buraxmır. Kölgəlik olduqda fındığın meyvə verəcək cavan gövdələri zəif qalır, məhsul vermir və bar verən budaqların qurumasına səbəb olur. Bundan əlavə budaqların üstünü mamır basır və bir çox xəsləliklər əmələ gəlir ki, bu da məhsuldarlığı aşağı salır.
Fındıq kolunun 200 ilə qədər yaşamasına baxmayaraq, respublika şəraitində fındıq kolunun sərbəst gövdələrinin həyat fəaliyyəti 40 ildən artıq olmur. Fındığın fəal məhsuldarlıq dövrü torpaq iqlim şəraitindən asılı olaraq təqribən 7-25 ildir. Sonradan məhsuldarlıq tədricən aşağı düşür, odur ki, kollarda gövdələr düzgün nizamlanmalı, yaşlı gövdələr kəsilməli cavan budaqlarla əvəz olunmalıdır.
Sıxlaşmış kollarda ayrı-ayrı gövdələrin həyat fəaliyyəti qısalır, ona görədə qoca xəstə, zədələnmiş gövdələrin kəsilib atılması vacibdir. Kəsilmiş gövdələri əvəz etmək üçün düz-düz qalxan və güclü pöhrələr saxlanmalıdır.
Fındıq çox gövdəli və bol kök pöhrəsi verən bitkidir. Budama zamanı fındıq kolları arasında hər il əmələ gələn pöhrələrin təmizlənməsi vacibdir. Bunların qalması ağacın zəifləməsinə və məhsulun azalmasına səbəb olur. Kök və gövdə ətrafındakı pöhrələr vegetasiya dövründə iki dəfə kəsilib atılmalıdır.
Fındıq bağlarının budanmasında əsas məqsədlərdən biri bitkinin cavanlaşdırılmasından ibarətdir. Cavanlaşdırmanı iki üsulla aparmaq olar.
- 1. Qocalan və məhsuldar gövdələri tamamilə dibindən kəsərək ancaq cavan pöhrələri saxlamaqla cavanlaşdırmaq olar. Çatışmayan cəhət odur ki, bu bağdan 4-5 il məhsul əldə etmək mümkün deyildir. Bu üsulu ancaq böyük fındıq sahələri olan təsərrüfatlarda tətbiq etmək olar. Yəni bu əməliyyat bağda hissə-hissə aparıla bilər ki, ümumi məhsulun azalmasına o qədər də təsir göstərməsin.
- 2. İkinci cavanlaşdırma üsulu, qocalan gövdələrin tədricən budanması və cavanları ilə əvəz edilməsidir. Bu cür seyrəltmə ən əlverişli üsuldur. Budama dərəcəsi ağacın yaşından, sortun bialoji xüsusiyyətlərindən asılıdır.
Budama apardıqdan sonra fındıq bağında gövdələrin ətrafına çürümüş peyin, ağac yonqarı verilməsi məsləhətdir ki, digər zərərverici amillərdən qoruyaraq, bitkinin stabil və normal inkişafına, məhsuldarlığa öz müsbət təsirini göstərsin.