Kartofçuluq/Kartofçuluğun inkişaf etdirilməsi
←Giriş | Kartofçuluq |
Kartofun morfoloji və fizioloji xüsusiyyətləri→ |
Akademik Navasin kartofu 2-ci çörək adlandırmışdır.
Vətəni Cənubi Amerika sayılan kartof 8 min il bundan qabaq öz ərazisində becərilməsinə baxmayaraq Avropaya XVI əsrdə ilk dəfə ispanlar gətirmişlər.
Respublikamızda isə kartofun becərilməsi XIX əsrin əvvəllərində təsadüf edilir. Çiçək bitkisi kimi ilkin olaraq becərilən kartof sonradan ən mühüm ərzaq növünə çevrilmişdir. Respublikamızın bütün bölgələrində il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu ən çox Respublikamızın Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında daha çox becərilir və yüksək məhsul verir.
Kartof yumrularının tərkibində quru maddə, nişasta, həll olmuş sulu karbonlar, qlükoza, satoroza və sair əhəmiyyətli maddələr vardır.
Kartofdan müxtəlif milli xörəklər və salatlar hazırlanır ki, ona görə də onun geniş həcmdə becərilməsi mühüm şərtdir. Təkcə kartof nişastasından 500-dən çox məhsul istehsal olunur. Bu məhsullardan kağız, yeyinti sənayesi və sairdə istifadə olunur.
Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində istifadə olunur. Onun şirəsi dəridə əmələ gələn ləkələri təmizləyir, ağardır bədənə, sifətə təravət, gözəllik verir insanı cavanlaşdırır.
Yer kürəsində kartof 30 kq-dan 150 kq-a qədər adambaşına istehsal olunur. Respublikamızda adam başına kartof 50 kq-dır.
Avropa ölkələrində Almaniyada, Hollandiyada, İngiltərədə kartofun məhsuldarlığı 800-1000 sentner olduğu halda Azərbaycanda 80-125 sentner təşkil edir.
Kartof bitkisi üçün mülayim, soyuq və rütubəti yüksək olan iqlim şəraiti tələb olunur. Temperatur 6+÷8+ dərəcə olanda 10-12 sm dərinlikdə kartof əkilir. Kartof yüngül mexaniki tərkibli torpaqda, qumsal, humusa zəngin qara və meşə altından çıxan torpaqlarda daha intensiv inkişaf edir. Kartof növbəli əkini sələflərdən dənli paxlalı, birillik otlar, vələmir, qarğıdalı, günəbaxan və s. çox sevir. Öz yerinə 3-4 ildən sonra qayıda bilər.
Hazırda respublikamızda orta tez yetişən “Nevski”, “Oqanyol”, “Laymdots”, “Əmiri-600”, “Sevinc” sortları rayonlaşdırılmışdır. Hər hektara 2500-4000 kq kartof əkin materialı kimi sərf olunur. Əkiləcək kartof toxumunun sertifikatı olmalıdır. Əkiləcək toxumlar əvvəlcədən cücərdilməlidir.
Çeşidlənən, xəstəliklərə qarşı mübarizə aparılan, standart yumrular əkilməlidir.