Marketinq/Giriş
Marketinq |
Aqromarketinq→ |
Marketinq — ehtiyacların və tələbatların mübadilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətidir.
Marketinq özündə ən müxtəlif fəaliyyət növlərini, o cümlədən marketinq tədqiqatlarını, əmtəələrin (məhsulların) işlənib hazırlanmasının, onların yayılmasının, qiymətlərin qoyulmasını, reklamı, satışı və sairi özündə birləşdirir.
Bazar münasibətlərinə keçilməsi ölkəmizin iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar sahədə çalışan adamların da bazar iqtisadi münasibətlərinə uyğunlaşmasını zəruri edir. Aparılmış aqrar islahatlar nəticəsində torpaq və əmlak özəlləşdirilmiş və bu əsasda kiçik ölçülü fermer təsərrüfatları, müxtəlif koperativlər, fərdi təsərrüfatlar, aqroservis müəssələri və sair yaradılmışdır.
Yenicə təşəkkül tapmış kiçik ölçülü təsərrüfatların maddi-texniki bazasının zəruriliyi, təsərrüfat başçılarının (fermerlərin) təsərrüfatı idarə etmək təcrübəsinin az olması maliyyə çətinlikləri və sair kənd təsərrüfatı məhsulları istehsalında ciddi çətinliklər yaratmışdır. Bütün bu problemlərin həll edilməsi müvafiq dövlət qayğısı ilə yanaşı bazar iqtisadiyyatının əsaslarını onun təskib hissələri olan marketinq, menecment, biznes etikası və sair məsələlərin öyrənilməsini də tələb edir.
“Market” ingilis dilindən tərcümə edildikdə bazar mənasını verir, lakin “marketinq” ifadəsini bazar sahəsində fəaliyyət kimi də işlətmək olar. “Marketinq” anlayışını satış və həvəsləndirmə ilə eyniləşdirmək səhv olardı. Satış marketinqin sadəcə görünən tərəfidir.
Marketinq alqı-satqıdan çox əvvəl başlayır və bundan sonra da uzun müddət davam edir.
Marketinq o cümlədən aqromarketinq hər birimizin həyatına toxunan elə bir prosesdir ki, onun gedişatına müəyyən həyat səviyyəsini təmin edən məhsullar və xidmətlər cəm olur və insanların xidmətinə verilir.