Qarğıdalı bitkisi/Vegetasiya suvarmaları və cərgəaralarının becərilməsi
←Səpin | Qarğıdalı bitkisi |
Xəstəliklərlə mübarizə→ |
Vegetasiya müddətində qarğıdalının normal inkişafını təmin etmək məqsədi ilə torpağın rütubətini 65-75% səviyyəsində saxlamaq üçün vegetasiya suvarmaları aparılmalıdır. Birinci vegetasiya suvarması 3-4 yarpaq fazasında (suvarma norması 600-700 m3/hek.), ikinci suvarma süpürgə əmələ gəlməsinə 10-12 gün qalmış (700-800 m3/ hek.) verilməlidir. Üçüncü suvarma süpürgələrin çiçəklənməsinin başlanğıcında (800-1000 m3/hek.), nəhayət dördüncü suvarma dənin süd-mum yetişkənliyi dövründə (600-800 m3/ hek.) aparılmalıdır.
Torpaq və havanın rütubətindən, yağıntının miqdarından qrunt sularının yerləşmə səviyyəsindən asılı olaraq vegetasiya suvarmalarının sayı azalıb-arta bilər.
Vegetasiya suvarmalarının sayından aslı olaraq cərgəaraları da yumşaldılmalıdır. Cərgələraralarının kultivatorlarla birinci yumuşaldılması birinci vegetasiya suvarmasından və bitkidə dördüncü yarpaq əmələ gələndən sonra həyata keçirilməlidir. Sonrakı kultivasiyalar da hər suvarmadan sonra aparılmalıdır. Bitkiləri kultivatorun pəncələri ilə zədələməmək üçün yuvaların yanında 10-12 sm enində qoruyucu zona saxlanmalıdır. Vegetasiya dövründə xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin kultivasiya ilə birlikdə aparılması iqtisadi cəhətdən daha səmərəli olar.