Azərbaycan tarixi/Atabəylər dövləti

Azərbaycan ərazisində ilk insan məskənləri Azərbaycan tarixi

Orta əsr Azərbaycan şəhərləri

Səlcuqlar imperiyasının parçalandığı ərazilərdə mübarizələr nəticəsində yeni dövlət əmələ gəldi. Beləliklə, XII əsrin 30-cü illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəylər (Eldənizlər) dövləti meydana çıxdı. Bu dövlətin paytaxtı Naxçıvan idi. Bu dövlətin əsasını Şəmsəddin Eldəniz qoymuşdur. Tarixi mənbələrə görə o, Dərbənddən qul kimi alınmış və Bağdada gətirilmiş, səlcuq sultanın vəzirinə satılmışdır. Vəzir öldükdən sonra sultan sarayına düşmüş və öz şəxsi bacarığına görə səlcuq qoşunlarının baş komandanı vəzifəsinə yüksəlmişdi. Sultan II Toğrul ona “əmir” rütbəsi vermiş və onu oğlu Arslanın atabəyi təyin etmişdir. II Toğrul öldükdən sonra qardaşı Məsud (1135 – 1152) hakimiyyətə gəlmiş , Eldənizi qardaşının dul qadını Mömünə Xatun ilə evləndirmiş və 1136-cı ildə Arranı iqta şəklində ona verərək, oranın idarəsini Eldənizə tapşırdı. O, arvadının şərəfinə əzəmətli Mömünə Xatun türbəsini tikdirdi. Eldəniz özünə Bərdəni iqamətgah seçdi, Azərbaycan əyanlarını öz tərəfinə çəkib tərəfini möhkəmləndirdi və Eldənizlər (Atabəylər) dövlətinin və Eldənizlər sülaləsinin sülaləsinin əsasını qoymuşdu.(1136) İqta şəklində aldığı Arrandan başqa, Azərbaycanın Cənub torpaqları, habelə Naxçıvanı müstəqil idarə etməyə və adına pul kəsdirməyə başlayan Eldəniz (1136 – 1172) 1160-cı ildə “Böyük atabəy” titulunu aldı. Atabəyi olduğu Arslanşahı (1161 – 1176) İraq Səlcuq sultanlığının taxtına çıxardı. Beləliklə, bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçir. Ali dövlət vəzifələrini öz yaxın adamlarına tapşırdı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sarayın hacibi, digər oğlu Qızıl Arslanı qoşunlarının ali komandanı seçdi. Şirvanşahlar Eldənizlərdən asılı oldu. Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə yerləşirdi.Eldənizin ölümündən sonra hakimiyyətə onun oğlu Məhəmməd Cahan Pəhləvan (1175 – 1186) hakimiyyətə keçdi. 1175-ci ildə paytaxtı Həmədana keçirdi. Təbrizi Ağsunqurilərdən aldı. Ömrünün sonunda ərazisini oğullarının arasında böldü. Azərbaycanın idarəçiliyini oğlu Əbu Bəkrə tapşırdı. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə onun qardaşı Qızıl Arslan (1186-1191) keçdi.Saray müxalifətini aradan qaldırmaq üçün qardaşının dul qadını İnanc Xatunla evləndi. 1191-ci ildə iri feodallar İnanc Xatunun əli ilə Qızıl Arslana sui qəsd etdilər. Ondan sonra onun qardaşı oğlu Əbu Bəkr(1191 – 1210) hakimiyyətə keçdi. Əbu Bəkrin ölümündən sonra gələn Özbəyin (1210 – 1225) dövründə Eldənizlər dövlətinin süqutu sürətləndi.

Hökmdarlar Dövrü
Şəmsədin Eldəniz 1136-1175
Məhəmməd Cahan Pəhləvan 1175-1186
Qızıl Arslan 1186 1191
Əbu Bəkr 1191-1210
Özbək 1210-1225