Qarğıdalı bitkisi/Torpağın əkinə hazırlanması

Giriş Qarğıdalı bitkisi

Əsas gübrələr

Qarğıdalının sələf bitkilərinin, xüsusilə payızlıq məhsulu yığıldıqdan sonra sahə diskli mala ilə 8-10 sm dərinlikdə üzlənməlidir. Suvarılan torpaqlarda üzləmədən sonra hektara 400-600 kubmetr su verilməlidir ki, torpaqdakı alaq otlarının və mədəni bitkilərin yerə tökülmüş toxumlarının cücərməsi sürətlənsin. Üzləmədən 20-30 gün keçdikdən sonra, yəni payızda sahə 25-27 sm dərinlikdə şumlanmalıdır. Bu zaman sahədə cücərmiş alaq otları da məhv edilir. Payız şumu vaxtında aparıldıqda, torpaq yağış və qar sularından əmələ gələn rütubəti özündə saxlayır, bu da zərərverici və xəstəliklərin yaratdığı təhlükənin azalmasına səbəb olur.

Yazda sahəyə çıxmaq mümkün olduğu vaxt torpağın səpinqabağı becərilməsinə başlanmalıdır. Bu məqsədlə birinci dəfə 10-12 sm, ikinci dəfə isə 8-10 sm dərinlikdə kultivasiya çəkilməli və torpaq dərhal malalanıb hamarlanaraq səpinə hazır vəziyyətə gətirilməlidir. Bu tədbirlər ardıcıl və keyfiyyətlə aparılarsa sahədə cücərən alaq otları da məhv edilər. Bütün bu işlər aprel ayının ortalarına qədər başa çatdırılmalıdır.